...

Azərbaycanın hakim partiyasının namizədinin dəstəklənməsi üçün koalisiya yaradıla bilər

Siyasət Materials 21 Yanvar 2013 12:11 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədin dəstəklənməsi üçün iqtidaryönlü partiyaların koalisiyası yaradıla bilər.
Azərbaycanın hakim partiyasının namizədinin dəstəklənməsi üçün koalisiya yaradıla bilər

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə irəli sürəcəyi namizədin dəstəklənməsi üçün iqtidaryönlü partiyaların koalisiyası yaradıla bilər. Bu barədə Trend-ə iqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

"Bu, əlbəttə, prezident seçkiləri ərəfəsində gedən siyasi proseslərlə birbaşa bağlıdır. Buna görə də bu məsələ hələlik müzakirə predmeti deyil, gələcəkdə bu məsələ öz aktuallığını ortaya qoyarsa, yəqin ki, biz o müzakirələrdə iştirak edəcəyik və lazım olan addımlarımızı atacağıq", - Ağamalı bildirib.

Partiyasının qarşıdan gələn prezident seçkilərində iştirakına toxunan Ağamalı qeyd edib ki, rəhbərlik etdiyi partiya yenə də öz ənənələrinə sadiq qalacaq və qarşıdan gələn prezident seçkilərində ulu öndər Heydər Əliyevin konsepsiyasına söykənən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi dəstəkləyəcək.

"Mən düşünürəm ki, bu, məhz ölkə Prezidenti İlham Əliyev olacaq və biz qurultayımızda bu məsələnin həllinə nail olacağıq", - o, bildirib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti