Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, müxalifətin İsmayıllıda baş vermiş hadisədən öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdi yolverilməzdir.
"Bu cür cəhdlər mahiyyət etibarilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən və öz maraqlarını təmin etməyə çalışan xarici qüvvələrin məqsədlərinə xidmət etməkdən başqa bir şey deyil", - bu barədə Trend-ə Fəzail Ağamalı deyib.
O, təəssüf etdiyini bildirib ki, İsmayıllıda baş verən hadisələr müxalifətin ən sevimli mövzularından birinə çevrilib və fakt ətrafında kifayət qədər manipulasiya edərək bu hadisəni Azərbaycan dövlətçiliyinə qarşı yönəltmək cəhdlərindən çəkinməyərək öz fəaliyyətlərini qururlar.
"Məndə olan məlumata görə, bu gün radikal müxalifətin himayəsində olan ayrı-ayrı şəxslər vəziyyəti daha da kritikləşdirmək, vətəndaş qarşıdurması yaratmaq üçün bütün potensialından istifadə etməyə cəhdlər göstərir", - Ağamalı bildirib.
Ağamalı baş vermiş hadisənin müxalifət tərəfindən bu cür eybəcər, antimilli şəkildə qabardılmasını pislədiyini vurğulayıb.
Lakin millət vəkili bütün bu cəhdlərin heç bir nəticə verməyəcəyini qeyd edib.
"Ona da əminəm ki, Azərbaycan dövləti kifayət qədər güclüdür, qüdrətlidir və bu cür təxribatlar Azərbaycan dövlətinə zərrə qədər də ziyan vurmayacaq", - Ağamalı deyib.
O, əmin olduğunu bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları istər hadisənin baş vermə səbəbləri, istərsə də onun nəticələri haqqında obyektiv istintaq aparacaq və hüquqi qiymət verəcək.