...

Aİ və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunun icrasının müzakirəsinə dair növbəti görüşün vaxtı açıqlanıb

Siyasət Materials 18 Fevral 2013 15:26 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış enerji sahəsində anlaşma memorandumunun icrasının genişləndirilməsinə dair 3-cü görüş fevralın 20-də baş tutacaq.
Aİ və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunun icrasının müzakirəsinə dair növbəti görüşün vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış enerji sahəsində anlaşma memorandumunun icrasının genişləndirilməsinə dair 3-cü görüş fevralın 20-də baş tutacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə daxil olan məlumata görə, Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğu, Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri Sənaye və Energetika Nazirliyi və digər dövlət qurumları və agentlikləri ilə danışıqlar aparacaq.

"Anlaşma memorandumu çərçivəsində apardığımız sonuncu görüşümüzdən sonra biz nəinki "Cənub Qaz Dəhlizi", həmçinin ümumilikdə enerji sahəsində olan əməkdaşlığımızda da böyük irəliləyişlər müşahidə etmişik. Bu arada mən Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində yardım etmiş Aİ-nın Büdcəyə Dəstək Proqramının uğurlu icrasını qeyd etmək istərdim. Qarşıdan gələn görüş "Cənub Qaz Dəhlizi"nə dair mühüm qərarların astanasında baş tutacaq. Bu görüş Avropa İttifaqının enerji təhlükəsizliyinə və Avropada enerji mənbələrinin diversifikasiyasına əhəmiyyətli töhfə verərək, Azərbaycana Aİ-nin enerji üzrə strateji əməkdaşı statusunu möhkəmlətməsinə imkan verəcək. Qaydalara əsaslanan Avropa bazarlarına Azərbaycan qazının çatdırılması Azərbaycanın təhlükəsizliyinə və inkişafına da töhfə verəcək", - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib.

Qeyd edək ki, 2006-cı ilin noyabr ayında prezident Barrozo və Prezident Əliyev Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın yaradılmasına dair anlaşma memorandumu imzalayıblar.

Əməkdaşlıq üçün dörd prioritet sahə seçilib: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin təhlükəsizliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması, həmçinin texniki sahədə əməkdaşlıq. Anlaşma memorandumunun icra müddəti ötən il başa çatmış 14 milyon avro dəyərində olan Büdcəyə Dəstək Proqramı ilə dəstəklənib. Anlaşma memorandumu çərçivəsində son görüşlər 2009 və 2011-ci illərin fevral aylarında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti