...

Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 5 Mart 2013 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin vitse-spikeri Frits Noygebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Xarici işlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Avstriya parlament heyətini salamlayıb və iki ölkə arasındakı faydalı əməkdaşlığın mövcudluğundan məmnuniyyətini ifadə edib.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun olduğunu qeyd edən nazir Elmar Məmmədyarov, iqtisadi sahədə, xüsusilə də enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Parlamentlərarası əlaqələrin müasir dünyada mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan nazir, Azərbaycan və Avstriya parlamentləri arasındakı təmasların artırılmasının ümumi münasibətlərə töhfə verəcəyini bildirib.

Görüş zamanı Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək, münaqişənin indiyə qədər həll olunmamasının Cənubi Qafqazda və bütövlükdə Avropa regionunda sülh və sabitliyə təhdid oldğunu nəzərə çatdırıb. O, BMT TŞ-nin məlum qətnamələri və bir sıra beynəlxalq təşklatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməməsinin təəssüf doğurduğunu və beynəlxalq ictimaiyyət tərəfindən işğal altındakı ərazilərin boşaldılması məqsədilə Ermənistana aydın mesajın verilməsinin zəruri olduğunu qeyd edib.

Nazir, həmçinin, münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.

Avstriya parlamentinin vitse-spikeri Frits Noygebauer səmimi qəbula görə təşəkkür edib və ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin dinamik inkişafından məmnunluq bildirib.

Azərbaycanı regionda ölkəsinin etibarlı və əsas tərəfdaşı adlandıran Noygebauer, ökəsinin bu münasibətləri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Avstriya parlament nümayəndə heyətinin Azərbaycana bu səfərinin iki ölkənin parlamentləri arasında təmasların sıxlaşmasına və ümumi münasibətlərə töhfə verəcəyini qeyd edib.

O, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd edib və enerji əməkdaşlığının artırılmasının öz ölkəsinin və bütövlükdə Avropanın marağında olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti