Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/
Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipindən ölkəmizə hərbi təcavüzün nəticələrinin və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı nəticəsində yaranmış qəbuledilməz acınacaqlı vəziyyətin beynəlxalq ictimaiyyətdən gizlədilməsi və pərdələnməsi məqsədilə bəhanə qismində sui-istifadə edir. Belə destruktiv mövqe Ermənistana heç zaman uğur gətirməyəcək.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 16-cı sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı səsləndirib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində UDİ üzrə İşçi Qrupunda Azərbaycan nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizin ikinci milli dövri hesabatını İşçi Qrupuna təqdim edib.
Hesabatdakı məsələlərlə yanaşı, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında da tədbir iştirakçılarını ətraflı məlumatlandıran Xələf Xələfov ərazilərimizin 20%-nin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə qismində dəyərləndirib. Xələfov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü əlavə edib.
Sessiya çərçivəsində Ermənistan nümayəndəsinin Azərbaycan nümayəndə heyəti rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi səsləndirməsinə maneə törətmək istəməsinə baxmayaraq, İHŞ prezidenti Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb.
Xələfov müzakirələr zamanı Ermənistan tərəfindən səsləndirilən əsassız qeydlərə münasibət bildirərək, həmin dövlətin nümayəndəsinin bütün etik normalardan kənara çıxdığını və sadəcə olaraq ölkəmizin beynəlxalq nüfuzunu zədələməyə növbəti uğursuz cəhd etdiyini vurğulayıb.
O, beynəlxalq hüquq çərçivəsində xalqların öz müqəddəratını təyinetmə prinsipinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni azlığa ayrıca dövlət yaratmaq hüququ vermədiyinə diqqəti yönəldib.
Ölkəmizin öz torpaqlarını Ermənistanın işğalçı hərbi qüvvələrindən azad edəcəyini və öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağını vurğulayan Xələf Xələfov bu dövlətin yalnız Azərbaycana münasibətdə deyil, digər qonşu dövlətlərə qarşı da ərazi iddialarında olduğunu və buna görə də regionda təcrid olunmuş vəziyyətə düşdüyünü xatırladıb. Azərbaycanda olduğu kimi dünyanın heç bir ölkəsində hər 9 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olmadığını diqqətə çatdıran Azərbaycan rəsmisi bu xüsusda, beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin vacibliyini vurğulayıb.