Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/
Bakıda çərşənbə günü Madrid Klubunun I Cənubi Qafqaz Forumu çərçivəsində "Funksional cəmiyyətlər üçün mədəniyyətlərarası və dinlərarası münasibətlər" mövzusunda müzakirələr keçirlib.
Trend-in məlumatına görə, iclasda Bolqarıstanın sabiq Prezidenti Petra Stoyanov çıxış edərək bildirib ki, əsas vacib olan insanların biri-birlərini başa düşməyi öyrənmələridir.
Stoyanov qeyd edib ki, müasir tələbləri nəzərə alaraq təhsil proqramları, tədris metodları dəyişməlidir. Stoyanov Balkanlarda dinlərarası qarşıdurmalardan danışaraq qeyd edib ki, Bolqarıstan özünü bu kimi münaqişələrdən uzaq saxlaya bilib:
"Bolqarıstanda əhalinin 10 faizi türkdür və onlar bütün hüquqlara malikdirlər, partiyaları, məscidləri var. Bizim ölkədə gözəl birgəyaşayış ənənəsi mövcuddur".
Latviyanın keçmiş Prezidenti Valdis Zatlers isə çıxışında bildirib ki, hər bir dini müxtəliflik qəbul edilməli, ona hörmətlə yanaşılmalıdır:
"Dövlətin stabilliyinin qorunması üçün ancaq tolerantlıq baxımından deyil, həmçinin inklüziv formatında dini cəmiyyət yaratmaq lazımdır və bu yolla dünyəvi dövlət qurmaq olar".
O qeyd edib ki, dövlət dindən ayrı olmalıdır, amma müəyyən qaydalar əsasında münasibət qurmalıdır:
"İstənilən ölkədə dövlət və din arasında münasibətlərin qaydaları mövcud olmalıdır".
Valdis Zatlers həmçinin deyib ki, bir çox hallarda islam fundamentalizmindən danışırlar:
"Lakin unutmamalıyıq ki, xristian fundamentalistləri, ateistlər onlardan da çoxdur".
Uruqvayın sabiq Prezidenti Luis Albetro Lakalle isə çıxışında qeyd edib ki, hətta ateistlər də başa düşməlidirlər ki, konservatizmə dəvət edən dinlər siyasətə aid deyil.
O qeyd edib ki, konservativ dinlər cəmiyyətlərin möhkəmlənməsinə çağırır. Lakalle bildirib ki, fanatizm və dinin fərqi ondadır ki, din birləşdiricidir, fanatizm isə ayırıcı bir qüvvədir.
Litvanın sabiq Prezidenti Valdas Adamkus paneldə çıxışında ölkəsindəki dini vəziyyət barədə məlumat verib. O qeyd edib ki, Litvada istənilən dinin nümayəndələri biri-birinə qarşılıqlı hörmət bəsləyirlər.