...

Roland Kobia: Azərbaycan ilə Aİ arasında münasibətlər getdikcə intensivləşir

Siyasət Materials 15 May 2013 20:11 (UTC +04:00)
Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Günü qeyd olunub.
Roland Kobia: Azərbaycan ilə Aİ arasında münasibətlər getdikcə intensivləşir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Günü qeyd olunub.

Trend-in məlumatına görə, tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qonaqları salamlayan Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Aİ-nin tarixi haqqında qısa məlumat verib. Azərbaycandakı mandatının bitmək üzrə olduğunu deyən səfir çalışdığı müddətdə Azərbaycanda böyük inkişafın şahidi olduğunu deyib.

Kobia qeyd edib ki, Azərbaycan ilə Aİ arasında münasibətlər getdikcə daha da intensivləşir. Səfir vurğulayıb ki, Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə mühüm rol oynamağa başlayıb.

O bildirib ki, Azərbaycan keçmişi ilə fəxr edir, bu günü idarə edir, gələcəyə isə inamla baxır. Azərbaycanı tərk edəcəyindən təəssüfləndiyini deyən səfir getməzdən əvvəl Azərbaycanda iki mühüm hadisənin şahidi olmaq istədiyini deyib.

"Birincisi, Azərbaycan ilə Aİ arasında viza rejminin sadələşdirilməsi üzrə danışıqların başa çatdırılması, ikincisi isə Cənub Qaz Dəhlizinin açılmasına dair mühüm qərarın verilməsidir", - Kobia deyib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti və hökuməti adından Aİ-yə təbriklərini çatdırıb.

Nazir qeyd edib ki, Azərbaycan ilə Aİ arasında əlaqələr yüksək səviyyədədir və qarşılıqlı maraq kəsb edən tərəfdaşlıq münasibətlərinə əsaslanır.

O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu sahədə əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir. Mustafayev həmçinin vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Aİ-nin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti