Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Əliyev/
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi məsələsi ilə bağlı saziş yaxın bir neçə ay ərzində imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
"Danışıqlar davam edir və fikrimcə, bu saziş noyabrda Vilnüsdə keçiriləcək "Şərqi tərəfdaşlıq" sammitində imzalanacaq. Azərbaycan əhalisini əmin edə bilərəm ki, Avropa ilə viza rejiminin sadələşdirilməsi bir neçə ay ərzində öz həllini tapacaq".
O əlavə edib ki, danışıqların gedişatı və viza rejiminin gözlənilən sadələşdirilməsi Azərbaycan və Aİ arasında uğurlu və səmərəli əməkdaşlığın bariz nümunəsidir.