...

Ramil Usubov Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 7 İyun 2013 18:49 (UTC +04:00)
İyunun 7-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Ramil Usubov Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 7-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan nazir onun diplomatik fəaliyyəti dövründə respublikamızın Avropa İttifaqı və bu mötəbər beynəlxalq quruma daxil olan dövlətlərlə əməkdaşlığının daha da genişləndiyini qeyd etmiş, bu işdə cənab Kobianın rolunu xüsusi vurğulamışdır.

Daxili işlər naziri ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə fəaliyyəti sahəsində köklü demokratik və hüquqi islahatların həyata keçirildiyini, dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşməsi prosesinin uğurla davam etdiyini bildirmişdir. O, demişdir ki, Avropa ailəsinə inteqrasiyanı, ictimai həyatın müxtəlif sahələrində Avropa standartlarına uyğunluğun təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş dövlətimiz insan hüquqları sahəsində ümumavropa dəyərlərinə sadiqliyini nümayiş etdirərək, ictimai münasibətləri, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən, insan və vətəndaş hüquq və azadlıqlarının təmininin önə çəkildiyi yeni qanunlar qəbul etmişdir. Bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğu, yeni qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılmışdır.

Ölkəmizin Avropa strukturlarına uğurla inteqrasiya etdiyini xatırladan cənab Ramil Usubov Daxili İşlər Nazirliyinin digər hüquq-mühafizə orqanları ilə birlikdə respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə BMT, ATƏT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini və həmin əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq sənədlərin imzalandığını diqqətə çatdırmışdır. Son illər "102 Zəng Mərkəzi" və "ASAN" xidmətlərinin, "Təhlükəsiz Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin, "Elektron sənəd dövriyyəsi" sisteminin, "Bir pəncərə" informasiya və kommunikasiya portalının istifadəyə verildiyini qeyd edən nazir yeni texnologiyaların tətbiqinin ərizə və şikayətlərə operativ baxılmasında keyfiyyət dəyişikliyinə səbəb olmasını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üçün son illər DİO-nun iki mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir və şəxsi heyət əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində işləri bu gün də davam etdirir.

Daxili işlər naziri səfirin nəzərinə onu da çatdırmışdır ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyatı idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və cari ilin ötən dövrü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş cəzalandırılmış, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunmuş, 100 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 19 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanmışdır.

Cənab Roland Kobia səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, diplomatik fəaliyyəti dövründə bir sıra ölkələrdə olduğunu, respublikamızda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xüsusi qeyd etmiş, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti