Azərbaycan, Bakı, 10 iyun /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov nümayəndə heyətini salamlamış və ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf tempindən məmnunluğunu bildirmişdir. Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verdiyini qeyd edən nazir Elmar Məmmədyarov, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi qabaqcıl təcrübəni dost və qardaş Əfqanıstanla bölüşməyə hazır olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün konkret sahələrin müəyyən olunmasına və addımların atılmasına zəmin yaradacağını diqqətə çatdırmışdır. Nazir, həmçinin ali təhsil, infrastruktur, dövlət quruculuğu prosesi, elektron hökumət, nəqliyyat-kommunikasiya sahələrində ölkələrimizin əməkdaşlığı üçün imkanların olduğunu qeyd etmişdir.
Əfqanıstanın kommunikasiya və informasiya texnologiyaları naziri Əmirzai Sangin səmimi qəbula görə təşəkkür etmiş və ölkəmizə səfərdən məmnun olduqlarını bildirmişdir. O, Azərbaycanın Əfqanıstanda dövlət quruculuğu prosesinə verdiyi dəstəyi, o cümlədən əfqan tələbələrin Azərbaycan universitetlərində təhsili üçün təqaüdün ayrılması, Əfqanıstan diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təlimi, infrastruktur layihələrinə ölkəmizin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirmişdir. Nazir, həmçinin Əfqanıstanın təhsil, elektron hökumət, informasiya-kommunikasiyaları texnologiyaları, kosmik sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Əfqanıstanlı nazir Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin Əfqanıstanla bağlı layihələrə göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
Görüş zamanı, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.