...

Ədliyyə Nazirliyində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 11 İyun 2013 10:06 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri səfir Roland Kobianı qəbul edib.
Ədliyyə Nazirliyində Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/

Ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri səfir Roland Kobianı qəbul edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işləri, həmçinin infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi barədə məlumat verib. Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir Roland Kobianın xidmətlərini qeyd edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətdən məmnunluq ifadə edən Roland Kobia Avropa İttifaqının Azərbaycanla hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulayıb. Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək dəyərləndirib, birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" layihəsinin uğurla icra olunacağına əminliyini bildirib, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti