Azərbaycan, Bakı, 11 iyun / Trend /
Avropa İttifaqının Azərbaycandakı səfiri professor Roland Kobia Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Xidmətlərə görə" Qızıl Ordeni ilə təltif edilib. Bu barədə Trend-ə EEIG-dən bildirilib.
7 iyun 2013-cü il tarixində Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının Brüsseldə yerləşən Senatı Roland Kobianı əldə etdiyi böyük nailiyyətlərə görə Palatanın "Qızıl Ordeni" ilə təltif edilməsi barədə qərar qəbul edib.
"Xidmətlərə görə" Qızıl Orden Roland Kobiaya Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin prezidenti cənab Nizami Piriyev tərəfindən təqdim edilib.
Qeyd etmək lazımdır ki, Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının "Xidmətlərə görə" Qızıl Ordeni Palatanın Senatı tərəfindən öz fəaliyyətində əhəmiyyətli xidmətləri ilə fərqlənmiş və böyük peşəkarlıq nümayiş etdirmiş xadimlərə verilir.
Roland Kobia Avropa İttifaqının Azərbaycandakı səfiridir. Səfir təyin olunmamışdan əvvəl o, Energetika üzrə Avropa İttifaqı Komissarının Energetika sahəsində beynəlxalq münasibətlər üzrə müşaviri vəzifəsində çalışıb.
Roland Kobia artıq 20 ildən artıqdır ki, Avropa İttifaqı Komissiyası ilə əməkdaşlıq edərək, xarici əlaqələr, rəqabət, daxili bazar və maliyyə xidmətləri, İnkişaf sahələrində uğurlu xidmətlərini göstərmişdir. Elm sahəsində Roland Kobia Fransanın Monpelye Universitetinin mühazirəçi professorudur, müxtəlif xarici universitetlərdə, institut və beynəlxalq konfranslarda müntəzəm olaraq mühazirələr söyləyir.
Kobia Avropa İnzibatçılığı üzrə magistr dərəcəsinə (Avropa Kolleci, Brüqqe, Belçika), Beynəlxalq Nüvə Hüququ sahəsində magistr dərəcəsinə (Monpelye Universiteti, Fransa), habelə Hüquq elmləri sahəsində (Luven-la-Nev, Belçika) dərəcəyə malikdir.
Onun energetika, rəqabət hüququ və siyasəti, sənaye əmlakı, korporativ hüquq və inkişaf sahəsində əməkdaşlıq kimi sahələrdə bir çox məqalələri dərc olunub. Cənab Kobia fransız, ingilis, italyan və holland dillərində danışır, hazırda rus və ərəb dillərini öyrənir.