Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir S.Əhmədova/
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir və enerji sahəsi də daxil olmaqla bir çox qarşılıqlı maraq doğuran sahələri əhatə edir. Bu barədə Trend-ə müsahibəsində Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç deyib.
Koçiyançiç vurğulayıb ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əlaqələr daha da dərinləşir və güclənir: "Artıq viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və readmissiya sazişi iyulun 29-da ilkin olaraq razılaşdırılıb və noyabrda Vilnüsdə imzalanması gözlənilir. Bundan əlavə, Azərbaycan növbəti aylarda bir sıra Aİ ölkələri ilə mobillik üzrə tərəfdaşlığa dair bəyannamə imzalaya bilər. Ümumi Aviasiya məkanı sazişi üzrə də danışıqlar tezliklə başlaya bilər".
Ketrin Eştonun sözçüsü əlavə edib ki, Aİ-Azərbaycan assosiativ saziş üzrə danışıqlar da davam edir: "Hələ ki, sazişin yekun mətninin nə zaman hazır olacağı və imzalanacağı barədə fikir söyləmək çətindir. Aİ Azərbaycanla uzunmüddətli assosiativ saziş əldə etməkdə qərarlıdır".