...

Əflan İbrahimov: Prezident seçkilərinə qədər ictimaiyyətə Milli Şuranı dağıdacaq yeni informasiyalar verəcəm

Siyasət Materials 26 Avqust 2013 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.Mehdiyev/

Prezident seçkilərinə qədər ictimaiyyətə Milli Şuranı dağıdacaq yeni informasiyalar verəcəm. Bunu bazar ertəsi Trend-ə "EL" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov məlumat verib.

Ə.İbrahimov bildirib ki, Milli Şurada Azərbaycan xalqına ciddi zərbə ola biləcək müzakirələr gedib: "Seçkiyə qədər Milli Şuranın axırına çıxacam. Onda görəcəksiniz ki, Milli Şurada nələr baş verir. Bütün bunların hamısı barədə informasiya verəcəm. İndi hələ bu barədə məlumat verə bilmərəm".

Ə.İbrahimov Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi olması məsələsinə də münasibət bildirib: "Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub. Bu o deməkdir ki, Milli Şurada Xalq Cəbhəsi Partiyasının namizədi irəli verilib. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm. Çünki bu adamı Biləcəridən o tərəfə heç kim tanımır, bu necə prezident ola bilər? Nə Rusiya, nə ABŞ, nə Avropa tanıyır. Bu adam 20 il cəbhəçi olub. Onun təsəvvürü nə ola bilər? Ancaq cəbhə ideyası".

Ə.İbrahimov, həmçinin bildirib ki, "EL" hərəkatının Ağdaş və Mingəçevir rayon təşkilatlarının sədrlərinin bəyanat verərək ordan çıxdıqlarını açıqlayıblar.

Qeyd edək ki, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun Milli Şuranın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.

Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.

Ə.İbrahimov bu açıqlamalarından sonra Ali Məclisinin sədr müavini vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti