Azərbaycan, Bakı, 31 avqust /Trend/
Bakının tanınınmış klublarından olan "Equinox Beach Club"-da ("Jumeirah Bilgah Beach Hotel") Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın konserti keçirilib. Konsertdə tamaşaçılara sevilən kompozisiyalar səslənib.
Trend-in məlumatına görə, yüzlərlə qonağın iştirak etdiyi konsertdə "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun üzvləri də iştirak edib. Gecənin sahibəsi Tünzalə Ağayeva səhnəyə çıxdığı zaman Təşəbbüs Qrupunun iştirakçılarını salamladı və konsertin qonaqlarını "Mənim Prezidentim"-i dəstəkləməyə çağırdı.
Konsert tamaşaçılarının hər biri "Mənim Prezidentim"-ə dəstək olaraq qırmızı lentlər əldə etdilər. Tamaşaçılar konsert ərzində fəal olaraq Təşəbbüs Qrupunun üzvü kimi qeydiyyatdan keçib və bununla da "Mənim Prezidentim"-ə öz dəstəklərini göstəriblər.
"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun təşəbbüskarlarından biri olan Seymur Hüseynov bildirib: "Qırmızı rəngin mənası qədim zamanlardan duyğular, qüvvə, nəşə, fəallıq ilə bağlı olub. Bu rəng hərəkətə gətirmək və enerji vermək iqtidarındadır. Məhz buna görə də biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticələrinin və 10 illik fəaliyyətinin bəhrələrinin geniş ictimaiyyətə çatdırılması məqsədini daşıyan "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu üçün qırmızı rəngi seçdik. Bizim baxışımızı və məqsədlərimizi bölüşən hər bir gənc bizə qoşula bilər. Bunun üçün sadəcə bizim fb.com/mypresident.az səhifəmizə, habelə www.mp2013.az veb-saytımıza daxil olmaq lazımdır".