...

Nazim İbrahimov: Azərbaycanlılar artıq Rusiyada qanuni vəziyyətdə yaşayırlar

Siyasət Materials 5 Sentyabr 2013 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanlılar artıq Rusiyada öz yerlərini tapıblar və onların hamısı demək olar ki, qanuni vəziyyətdə yaşayır. Hansısa azərbaycanlının qanundankənar fəaliyyəti varsa, qanuna uyğunlaşa bilmirsə, biz ona Rusiyanın qanunlarına uyğun orada yaşaya bilməsi üçün yardım etməliyik.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Rusiyada miqrantlara qarşı qanunların sərtləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirən komitə sədri hesab edir ki, hər bir dövlətdə yaşayan insanlar o dövlətin qanunlarına hörmət edərək yaşamalıdırlar:

"Əgər Rusiyada hansısa proseslər qanuniləşdirilirsə, bu normal haldır və bu heç də azərbaycanlılara qarşı yönəlmiş bir şey deyil. Çünki hazırda Rusiyada misrasiya ilə bağlı vəziyyət elədir ki, Veytnamdan, Çindən, yəni Asiya ölkələrindən orada minlərlə, bəlkə də milyonlarla insan var. Onların da müəyyən qayda-qanunlara uyğunlaşıb yaşamalarına ehtiyac var. Bəzən reydlər olan zaman polislər seçim edə bilmirlər ki, bu azərbaycanlıdır, yoxsa tacikdir. Bu reydlər zamanı bilinmir. Ancaq bu çox tək-tək hallarda olur və bunu ümumən azərbaycanlılara qarşı kampaniya kimi qələmə vermək düzgün deyil."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti