...

İran Prezidentinin BMT Baş Assambleyasında çıxışı zamanı dilindən düşməyən sözlər

Siyasət Materials 26 Sentyabr 2013 16:36 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında çıxışı zamanı “ümid”, “sülh” və “insaniyyət” sözlərini müvafiq olaraq 15, 14 və 10 dəfə təkrarlayıb. Bu onun 2348 sözdən ibarət çıxışında ən çox təkrarlanan sözlərdir.
İran Prezidentinin BMT Baş Assambleyasında çıxışı zamanı dilindən düşməyən sözlər

Dalğa Xatınoğlu, İran Xəbərlər Servisinin rəhbəri/

İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında çıxışı zamanı "ümid", "sülh" və "insaniyyət" sözlərini müvafiq olaraq 15, 14 və 10 dəfə təkrarlayıb. Bu onun 2348 sözdən ibarət çıxışında ən çox təkrarlanan sözlərdir.

H.Ruhani, həmçinin düşmənçilikdən çəkinməyin vacibliyini vurğulamaq üçün 11 dəfə "müharibə" sözünü işlədib.

8 illik prezidentliyi dövründə 8 dəfə BMT Baş Assambleyasında çıxış edən sələfi Mahmud Əhmədinejadın hər dəfə ritorik bəyanatlarla beynəlxalq birlik qarşısında ölkəsinin imicinə daha çox zərbə vuran nitqi və hücum mövqeyinə baxmayaraq, H.Ruhaninin çıxışı əksinə, İsrail istisna olmaqla digər ölkələr tərəfindən alqışlandı.

H.Ruhani hətta İran şairi Əbülqasim Firdovsidən (940-1020) sitat gətirdi: "Yaxşılıq etməyə cəhd edin, soyuq gördüyünüz yerə yaz gətirin".

İran Prezidenti çıxışının əsas dinləyicisi olan amerikalı həmkarı Barak Obama ilə görüşməyib.

Hər iki prezident bir-biri ilə ehtiyatla və hörmətlə danışmağa cəhd edirlər. B.Obama öz çıxışında "hərbi variant" və ya "İrana qarşı təzyiqlərin artırılması" barədə heç nə demədi.

H.Ruhani çıxışında dolayısilə İrana qarşı tətbiq edilən sanksiyalara görə ABŞ-ı pislədi, lakin iki dəfə birbaşa olaraq ABŞ-ı xatırladı - ikisi də müsbət kontekstdə: "İranın ABŞ ilə münasibətləri gərginləşdirmək məqsədi yoxdur" və "ABŞ militarist qüvvələrin təzyiqi altına düşməyəcək".

34 illik "gərginlik buzu"nu qırmaq və diplomatik əlaqələrin olmaması hər iki tərəf üçün çətin məsələdir, lakin etimad tədbirlərinin möhkəmləndirilməsi istiqamətində danışıqların səviyyəsinin artırılması üçün nikbin perspektiv var.

İran Prezidenti çıxışının sonunda ABŞ rəsmilərini nüvə problemi üzrə "vahid mövqe" tutmağa çağırdı.

Əlbəttə, biz bu cür yanaşmanı hətta İran hakimiyyəti arasında görmürük. Belə bir fikrə gəlmək olar ki, H.Ruhani ABŞ-ı sanksiyalardan tədricən imtina etməyə məcbur etməklə ölkə daxilində öz mülayim mövqeyini möhkəmləndirmək istəyir.

Bu, bir tərəfdən 40 faiz inflyasiya səviyyəsi, iqtisadiyyatın 5,4 faiz kişilməsi və böyük defisitlə, digər tərəfdən hakimiyyətin sərt xətti ilə qarşılaşan H.Ruhani hökuməti üçün həyati əhəmiyyət daşıyır. İrana qarşı sanksiyaların yumşaldılması Vaşinqtonla birbaşa danışıqların önəmini qabardacaq.

B.Obama İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Senat və Konqreslə danışıqlara başlamalıdır. Başqa cür İrana qarşı təzyiqləri yumşaltmaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti