Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/
İndi MSK-da elə bir şərait yaradılıb ki, veb-kamera sistemi vasitəsilə istənilən şəxs səsvermə günü seçki müşahidəsi apara biləcək.
Trend xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə seçicilərin aktivliyini birbaşa izləmək mümkün olacaq: "Hesab edirəm ki, MSK-nın prezident seçkiləri ilə bağlı İKT-nin tətbiqinə önəm verməsi seçkilərdə şəffalığın artırılması məqsədi daşıyır. Bəzən seçkilərdə şəffaflıqla bağlı müşahidəçilər fikir bildirirlər. Ancaq bu kameraların quraşdırılması bu problemin aradan qaldırılmasına kömək edəcək. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin sayının 1000-ə çatdırılması və xüsusi şəbəkələrin quraşdırılması informasiyanın real rejimdə saxlanılıb internet vasitəsilə əhaliyə açılması seçki prosesində şəffaflığın artırılmasına gətirib çıxarır".