...

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi" yubiley medalı haqqında Əsasnamə təsdiq edilib

Siyasət Materials 17 Oktyabr 2013 19:15 (UTC +04:00)
Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiq edib.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi" yubiley medalı haqqında Əsasnamə təsdiq edilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiq edib.

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunun 2-ci maddəsinə aşağıdakı məzmunda 35-ci hissə əlavə edilir:

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı.".

Həmçinin, "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilir.

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Bu Əsasnamədə göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində "75" rəqəmləri həkk edilir. Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və "75" rəqəmləri isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca "Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə" sözləri həkk edilir. Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.

Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.

Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.

Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir. Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti