...

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 19 Oktyabr 2013 16:09 (UTC +04:00)
Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ötən illər ərzində Azərbaycan xalqı Sizin rəhbərliyinizlə milli inkişafda böyük uğurlar əldə etmişdir. Yeni dövrə nəzər salsaq regionda və dünyada sülhün, əməkdaşlığın və inkişafın qorunub saxlanmasına töhfə verməklə çiçəklənən dövlətin qurulması istiqamətində ölkənizin daha böyük uğurlar qazanacağına əminəm.
İkitərəfli ənənəvi dostluq münasibətlərini gücləndirmək üçün Zati-alinizi 2014-cü ildə Sizə münasib bir vaxtda Vyetnama rəsmi səfərinizdə salamlamağı səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər Vyetnam-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlarımıza uyğun olaraq daya yüksək səviyyəyə çatmasında çox mühüm rol oynayacaqdır.
Fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

xxx

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievdən:
"Bu xoş fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı iki ölkənin maraqları, həmçinin sülh, əmin-amanlıq və firavanlıq naminə davam edəcəkdir.
Səmərəli dialoqun dəstəklənməsi naminə Sizi 2014-cü ildə münasib bildiyiniz vaxtda Bolqarıstana səfərə dəvət edirəm. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri çərçivəsində xalqlarımızın rifahı naminə Sizinlə əhəmiyyətli məsələləri müzakirə edə bilərik.
Hörmətli cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

xxx

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti Qabriel Valentin Komaneskudan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun adından ən səmimi təbriklərimi çatdırıram.
Prezident seçkilərində qazandığınız inamlı qələbə Sizin həm ölkə daxilində, həm də ölkənizin geosiyasi əhəmiyyətinə görə beynəlxalq aləmdə nüfuzunuzu bir daha təsdiqləmişdir. Ardıcıl surətdə həyata keçirilmiş siyasət və layihələr nəticəsində Siz qələbəniz üçün əsaslı təməl yaratmısınız.
Qara dəniz və Xəzər dənizi regionu ölkələri arasında mövcud olan iqtisadi əlaqələrin Sizin yeni prezidentliyiniz dövrünə daha da möhkəmlənib inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında mövcud tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verəcəyimə və əlimdən gələni edəcəyimə əmin olun".

xxx

1990-1997-ci illərdə Bolqarıstan Prezidenti Jelyu Jelevdən:
"Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Biz hamımız planetdə demokratiyanın, tolerantlığın və ədalətin təntənəsi uğrunda mübarizəmizi davam etdirəcəyik".

xxx

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başindən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti adından səmimi qəlbdən təbrik edim. Cəmiyyətimizin əsas məqsədi və fəaliyyəti xalqlarımız arasında əməkdaşlığı möhkəmləndirmək və genişləndirməkdir.
Cəmiyyətin adından və şəxsən öz adımdan Sizə Azərbaycan Respublikasının rifahı və çiçəklənməsi naminə ölkənizə bundan sonra da müvəffəqiyyətlə rəhbərlik etməyi arzulayıram".
xxx
"LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovdan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizin böyük siyasi nüfuzunuzu və apardığınız kursun ölkə əhalisi tərəfindən dəstəkləndiyini təsdiq edir.
Sizin rəhbərliyinizlə Azərbaycanın dinamik sosial inkişafının təmin olunmasına, əhalinin həyat keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün iqtisadiyyata iri sərmayələrin cəlb edilməsinə yönəlmiş dəyişikliklər uğurla davam edir. Xarici ölkələrlə ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir.
Fürsətdən istifadə edərək Azərbaycanda "LUKoyl" ASC-nin fəaliyyətinin dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı daim inkişaf etdirmək əzmindəyik".

xxx

Qafqaz Xalqları Ali Dini Şurasından:

"İcazə verin, Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Qafqazın din xadimləri və dindarları adından təbrik edək. Aralarında ölkənin bütün ənənəvi konfessiyalarına mənsub dindarların da olduğu seçicilərin əksəriyyəti tərəfindən Sizə göstərilmiş dəstək çoxmillətli Azərbaycan xalqının öz liderinə yüksək münasibətini yenidən təsdiqlədi.

Seçkilərin nəticələri sübut etdi ki, insanlar Azərbaycan Respublikasının həyatında çox cəhətdən Sizin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sadiqliyiniz sayəsində baş vermiş müsbət dəyişiklikləri layiqincə qiymətləndirirlər. Azərbaycan xalqı qazanılmış nailiyyətləri artırmağa, mənəvi kamilləşmə və dirçəlişə, Vətənin davamlı inkişafına imkan verən düzgün seçim etdi. Biz şahidik ki, Azərbaycanda xalqın mənəviyyatının möhtəşəm abidələri - məscidlər və ziyarətgahlar şəxsən Sizin rəhbərliyinizlə bərpa edilib xalqa xidmət üçün ona qaytarılır.

Bizi sevindirən budur ki, mehriban qonşular olan iki ölkə - dünya birliyinə inteqrasiya etmiş böyük iqtisadi potensiala malik olan və müasir ictimai model qurmuş Azərbaycan və Rusiya dövlətləri vətəndaşların milli və dini mənsubiyyətindən asılı olmayaraq onların mənəvi həyatı üçün hər cür zəruri şərait yaradır. Bütün bunlar, habelə xalqlarımızın çoxəsrlik tolerantlıq ənənələri, konfessiyalararası dialoq və multikulturalizm işinə onların töhfəsi bizim dövlətlərə və ölkələrimizin rəhbərlərinə beynəlxalq nüfuz qazandırmış, Ulu Tanrı onlara xeyir-dua vermişdir. Biz, dini liderlər də öz növbəmizdə xalqlarımız arasında sülh və həmrəylik naminə dövlətlərimizin başçıları tərəfindən göstərilən səyləri dəstəkləyirik.
Əminik ki, Sizin bütün ənənəvi dinlərə, o cümlədən islam ənənələrinə ehtiramınız, islamofobiya təzahürlərinə qarşı bütün İslam dünyasında dərin hörmət qazanmış qətiyyətli çıxışlarınız konfessiyalararası dialoqun və qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi işinə sanballı töhfə olacaqdır.

Biz bilirik ki, hazırda müqəddəs Həcc ziyarətində olan Azərbaycan müsəlmanları ziyarət ərəfəsində sabitliyin və Vətənin inkişafının, onların dini azadlıqlarının qarantı kimi Sizə səs vermişlər. Sizin əməli işlərdə təcəssüm tapmış, xoş sorağı Azərbaycanın hüdudlarını çoxdan keçmiş ölkənin gələcəyi barədə baxışlarınız budəfəki uğurunuzda böyük rol oynamışdır. Biz din xadimlərini xüsusilə sevindirən odur ki, bu işlər arasında mənəviyyata, dini abidələrə qayğı, dindarların ehtiyaclarına həssas münasibət mühüm yer tutur. Sizin Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması ideyasını dəstəkləməyinizi yüksək qiymətləndiririk. Şübhə yoxdur ki, bu fond təkcə Azərbaycanda və MDB məkanında deyil, onların hüdudlarından kənarda da mənəviyyatın inkişafında mühüm rol oynayacaqdır. Bütün bunlara, habelə Sizin sözlərinizin işlərinizlə bir olmasına görə Sizə təşəkkür edirik, Sizinlə görüşləri həmişə səbirsizliklə gözləyirik. Bu görüşlərin hər biri bizi Rusiya və Azərbaycan xalqlarının mənəvi əlaqələrinin möhkəmləndirilməsi işinə xidmət etməyə ruhlandırır.
Biz din xadimləri regionda həqiqi mənəvi və əxlaqi idealların, əsrlər boyu ümumi evimiz olan Qafqazın əsasını təşkil edən dəyişməz dəyərlərin bərqərar olması naminə bundan sonra da bizdən asılı olan hər şeyi edəcəyik. Tanrı Sizə kömək olsun və ali dövləti fəaliyyətinizdə mərhəmətini Sizdən əsirgəməsin! Amin!"

xxx

Moldova Respublikasının sabiq prezidenti (2001-2009-cu illər), Moldova Respublikasının Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri Vladimir Voronindən:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermədə qazandığınız yüksək nəticə ölkə vətəndaşlarının şəxsən Sizə və Prezident vəzifəsində işinizə ən yüksək etimadın şəksiz sübutudur. Bu, Sizin həyata keçirdiyiniz dəyişikliklərin son dərəcə səmərəli olduğunu göstərir, Azərbaycanın inkişaf və tərəqqi yolu ilə bundan sonra da inamla irəliləməsi üçün etibarlı zəmin yaradır.
İcazə verin, Sizə bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlar diləyim. Əminəm ki, xalqın mütləq dəstəyi hər bir təşəbbüsünüzdə Sizin köməyiniz olacaqdır.
Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

xxx

Türkiyənin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyasının sədri Şuayip Özcandan:
"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizdən çox məmnun qaldığımızı bildirirəm.
Siz qardaş Azərbaycanın inkişafına və türk dünyasının birliyinə böyük töhfələr vermisiniz. Sizin bu xidmətləriniz bizi qürurlandırır. Azərbaycanın da üzvü olduğu on bir dövlətin türk müəllim qurumlarının əsas təşkilatı olan Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyası adından Sizi təbrik edirik.
Hörmətli Prezidentim, əminik ki, Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır. Bu, bizim sevincimizə sevinc qatacaq, türk dünyası isə birlik və bütövlüyünü gücləndirərək iri addımlarla yoluna davam edəcəkdir.
Bu amallar naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayır və "Yolunuz açıq olsun!" deyirəm. Allah-Taaladan arzu edirəm ki, prezident seçkilərində inamlı qələbəniz türk dünyası və qardaş Azərbaycan üçün xeyirli olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti