...

Rauf Arifoğlu: Müsavat Partiyasının Milli Şuranın tərkibində qalmasına lüzum yoxdur

Siyasət Materials 28 Dekabr 2013 16:31 (UTC +04:00)
Müsavat Partiyasının Milli Şuranın tərkibində qalmasına lüzum yoxdur. Bu barədə Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyasının üzvü Rauf Arifoğlu deyib.
Rauf Arifoğlu: Müsavat Partiyasının Milli Şuranın tərkibində qalmasına lüzum yoxdur

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının Milli Şuranın tərkibində qalmasına lüzum yoxdur. Bu barədə Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyasının üzvü Rauf Arifoğlu deyib.

R.Arifoğlu hesab edir ki, Rüstəm İbrahimbəyov və Milli Şura formatı ilə Rusiyanın Azərbaycan siyasətinə müdaxilə etmək imkanları hələ də qalmaqdadır: "Bu baxımdan hesab edirəm ki, ümumiyyətlə, o partiyaların Milli Şuranın tərkibində qalmasına bir gərək yoxdur, xüsusilə, mən Müsavat Partiyasını nəzərdə tuturam. Əslində həm də Müsavat Partiyasının orada qalmasının siyasi anlamı yoxdur, çünki qarşıdan gələn seçkilər parlament seçkiləridir, Milli Şura isə prezident seçkilərinə, bir fərdə, bir liderə, bir vahid namizədə hesablanaraq qurulmuş bir birlikdir. Lakin parlament seçkilərində 125 lider olur. Yəni blok quran və bir araya gələn təşkilatlar 125 dairəni razılaşdıraraq və 125 namizəd müəyyənləşdirərək bu bloku qururlar. Bu perspektivə də ancaq İctimai Palata formatı uyğun gəlir. Milli Şura formatı bir də 2018-ci ildə uyğun gələ bilər".

R.İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən imtina etməsinə münasibət bildirən R.Arifoğlu qeyd edib ki, onsuz da R.İbrahimbəyovun Milli Şurada fəaliyyəti yox idi: "Sadəcə xarici ölkə vətəndaşının Azərbaycan müxalifətinin fəxri sədri olması uyğun deyildi və o uyğunsuzluq aradan qaldırıldı. Onun fəxri sədrlikdən imtina etməsi bu baxımdan bu doğru addımdır".

AXCP funksionerlərinin R.İbrahimbəyovun fəxri sədrlikdən imtinası məsələsində Müsavat Partiyasını günahlandırması məsələsinə gəlincə isə R.Arifoğlu deyib ki, burada Müsavat Partiyasına təşəkkür etmək lazımdır, partiyanı günahlandırmaq məntiqə uyğun deyil: "Çünki Müsavat Partiyası Milli Şura quruluşunun tarixində iki dəfə müxalifət düşərgəsini yanlış addımdan qaytardı. Bir dəfə Qərb yönümlü kursun, Avroatlantik məkana inteqrasiya kursunun niyyət bəyannaməsinə salınması idi və buna nail oldu və bu çox böyük məsələ idi. İkinci dəfə isə Müsavat Partiyası xarici bir vətəndaşın və başqa ölkə qarşısında öhdəlikləri olan vətəndaşın, daha doğrusu, Rusiya vətəndaşının Azərbaycan müxalifətinin rəhbəri olması kimi Azərbaycan tarixində analoqu olmayan bir hadisənin qarşısını aldı".

Bu baxımdan R.Arifoğlu hesab edir ki, Müsavat Partiyasına tarix və insanlar qarşısında böyük bir təşəkkür düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti