...

İran Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayır

Siyasət Materials 12 Fevral 2014 11:55 (UTC +04:00)
Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrası üçün artıq zəruri ekoloji, texniki icazələr alınıb, layihənin iqtisadi dəyərləndirilməsi aparılıb və tezliklə bu layihənin icrasına başlanacaq.
İran Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrasına başlayır

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir T.Cəfərov/

Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsinin icrası üçün artıq zəruri ekoloji, texniki icazələr alınıb, layihənin iqtisadi dəyərləndirilməsi aparılıb və tezliklə bu layihənin icrasına başlanacaq. Bu barədə bu gün İran Parlamentinin idarə heyətinin üzvü Əlirza Munadi deyib. Trend-in məlumatına görə, xəbəri İRNA agentliyi yayıb.

Qeyd edək ki, Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, heyvanlara da təsir göstərir.

Munadi deyib ki, artıq layihənin icraçı şirkətləri də müəyyən olunub və layihənin icrası üçün sərmayəni Almaniya şirkəti yatıracaq.

Onun sözlərinə görə, hazırda layihənin icrası üçün hazırlıq işləri gedir və bu ilin sonunadək (İranda il martın 21-də dəyişir) layihənin icrasına başlanılacaq.

Munadi bildirib ki, Araz çayından Urmiya gölünə suyun axıdılması layihəsinə 1,2 milyard dollara yaxın sərmayə yatırılacaq.

Qeyd edək ki, 2013-cü ilin iyul ayında İranda Araz çayından Urmiya gölünə suyun axıdılmasılayihənin icrası üçün xarici investorla 875 milyon avro dəyərində investisiya müqaviləsi imzalanıb. Layihəyə əsasən Araz çayının suyunun Culfa, Mərənd, Şəbestər və Təbriz çöllərinə axıdılması nəzərdə tutulub. Layihə çərçivəsində 8 şəhər və 81 kəndin içməli su problemi öz həlini tapacaq.

İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə, Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb.

Bundan əvvəl İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədar demişdi ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti