Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir S.Ağayeva/
Çexiya Senatının nümayəndə heyəti Bakıda Azərbaycanla parlamentlərarası əlaqələrin perspektivini müzakirə edəcək. Bunu cümə günü Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı məsələləri üzrə komitənin sədri Miroslav Kreyçin başçılıq etdiyi Çexiya Senatının geniştərkibli nümayəndə heyətinin səfəri aprelin ortalarına nəzərdə tutulub.
Səfər zamanı çexiyalı senatorlar Azərbaycan parlamentində, ölkənin müxtəlif strukturlarında görüşlər keçirəcək, ikitərəfli əlaqələrin perspektivlərini müzakirə edəcəklər.
T.Tağızadə qeyd edib ki, səfər zamanı Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi planlaşdırılır. Tərəflər məsləhətləşmələr zamanı siyasi əməkdaşlığın prioritetlərini müəyyənləşdirəcəklər.