...

Avropa Parlamenti Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişi bəyənib

Siyasət Materials 12 Mart 2014 16:28
Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri bəyənib.
Avropa Parlamenti Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişi bəyənib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart /Trend/

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri bəyənib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Müvafiq tövsiyə Brüsseldə AP-nin plenar sessiyasında qəbul edilib.

Sənəddə deyilir: "Bu sazişin imzalanması vətəndaşların mobilliyinin artırılması sahəsində əməkdaşlıq yolunda irəliyə doğru addımdır. Adıçəkilən sazişlər sayəsində prosedurlar sadələşdiriləcək və sürətləndiriləcək".

Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsi haqqında sazişi 2013-cü ilin noyabrında, readmissiya haqqında sazişi isə bu il fevralın 28-də imzalayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirib ki, hazırda Azərbaycan Norveç və İsveçrə ilə readmissiya haqqında sazişi imzalamağa hazırlaşır.

Yeni qaydalar qüvvəyə mindikdə vizaların verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha az müddətdə qəbul ediləcək. Ərizə Azərbaycan vətəndaşlarına 35 avroya başa gələcək, lazımi sənədlərin siyahısı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün qısaldılacaq.

Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin imzalanması Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti