...

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 29 Mart 2014 13:55 (UTC +04:00)
Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "dəyirmi masa" keçirilib.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, ziyalılar və bir sıra media qurumlarının rəhbərləri iştirak ediblər.

Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra YAP Humanitar məsələlər komissiyasının sədri Yusif Hümbətov çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur: "Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu öndərin imzaladığı fərmanla məhz 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi heç də təsadüfi deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var. Hər il faciənin ildönümündə ölkə Prezidenti tərəfindən Azərbaycan xalqına müraciət olunur. O da qeyd edilməlidir ki, həmin fərmana qədər biz 31 mart soyqırımı barədə yalnız elmi söhbətlər edirdik. Ancaq 1998-ci ildə imzalanan bu fərmandan sonra 31 mart soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. Hazırda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində qeyd edilir".

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu faciənin başvermə səbəbləri, törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bünövrəsinin də məhz həmin tarixdən başladığını bildirib: "Tarixçi alimlərimiz soyqırım həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox mühüm tədqiqatlar aparır".

Y.Mahmudov Türkmənçay müqaviləsində İran və Osmanlı İmperiyasındakı ermənilərin Qarabağ və İrəvana köçürülməsi barədə şərtin yer aldığını xatırladıb.

Millət vəkili vurğulayıb ki, böyük dövlət xadimi Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müvafiq fərman imzalaması mühüm tarixi addım oldu: "Prezident İlham Əliyev xalqımıza qarşı törədilmiş soyqırımların araşdırılmasını xüsusi diqqət mərkəzində saxlayır, bununla bağlı Tarix İnstitutuna tövsiyələr verir".

Y.Mahmudov bildirib ki, dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırım 1918-ci ildə Stepan Şaumyan və Azərbaycanın tarixi ərazilərində yaradılmasına icazə verilmiş Ermənistan tərəfindən törədilib: "Şaumyanın əməlləri xalqımıza qarşı böyük cinayət idi. Ermənistan isə həmin vaxt ermənilərə verməyə razılaşdığımız İrəvan quberniyası ərazisində yaradılmışdı. Məhz buna görə də Fətəli xan Xoyski o dövrdə bəyan etmişdi ki, azərbaycanlılara qarşı soyqırım dayandırılmasa, İrəvan geri alınacaq".

Digər tədbir iştirakçıları da Azərbaycana qarşı törədilən bu soyqırımı pisləyib və bu cinayətə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti