...

Mübariz Əhmədoğlu: İranın Azərbaycan ostanlarının əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması İran dövlətçiliyinin nüfuzunu artıracaq

Siyasət Materials 6 May 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

İranın Azərbaycan ostanlarının əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması İran dövlətçiliyinin nüfuzunu artıracaq. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranla Azərbaycanın həmsərhəd regionlarında problemlər, onların strukturlaşdırılması və inkişaf perspektivləri bu iki dövləti əməkdaş olmağa, birgə iqtisadi layhələri reallaşdırmağa təhrik edir: "Azərbaycanın İranla sərhəd ərazisinin böyük bir qismi erməni işğalı altındadır. İranın Qərbi Azərbaycan ostanlığının fəlakət həddinə çatmış Urmiya gölü kimi ekoloji problemi var. Bu, Qarabağ problemindən də neqativ təsirlidir. Urmiya gölü ətrafındakı əhalini öz torpaqlarında saxlamaqdan ötrü güclü iqtisadi sərmayə və su resursları lazımdır. Bu baxımdan Azərbaycan Araz çayındakı su resurslarının müəyyən bir qismini və ya məhdud bir müddət üçün hamısını verməklə Urmiyadakı ekoloji fəaliyyətin İran vətəndaşları üçün fəsadların azalmasına yardım edə bilər, həmçinin investisiya qoya bilər. İranın Azərbaycan ostanlarının əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması İran üçün həm də mühüm siyasi-strateji məsələdir: Həmin ostanların əhalisi İran dövlətçiliyinə daha da bağlanacaq".

Politoloq hesab edir ki, İran bunun əvəzini Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməklə çıxa bilər: "Dağlıq Qarabağ probleminin tənzimlənməsində İranın mövqeyi qatı ermənipərəstlikdən Azərbaycana tərəf dəyişir. Buna baxmayaraq, indiki mövqeyi ATƏT-in Minsk qrupunun mövqeyindən də zəif olan İranı azərbaycanpərəst hesab etmək mümkün deyil. İranın Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusu olması faktını nəzərə alsaq, indiki dəyişiklik hədsiz cüzidir".

Buna baxmayaraq, mərkən direktorunun fikrincə, pessimist olmağa da əsas yoxdur: "Belə ki, İranın mövqeyinin dəyişməsi prosesi başlayıb. Bu bir prosesdir və digər proseslərlə birgə dəyişir. İran-Azərbaycan münasibətləri digər proseslərdə yeni tendensiya yaratdıqca, həmin proseslər İranın Qarabağ tənzimlənməsindəki mövqeyini dəyişəcək və real əməkdaşlıq başlayacaq".

M.Əhmədoğlu qeyd edib ki, İran-Azərbaycan münasibətlərində ictimai-siyasi fon mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, İranda təbliğatın dəyəri var, təbliğata xüsusi münasibət var: "Azərbaycan Respublikasında İranın bütün addımlarına həssaslıq hələ aradan qalxmayıb. Vahid Azərbaycan və din məsələləri İranın təbliğatının üst və alt qatlarında mühüm rol oynayır. Azərbaycan Prezidentinin İrana səfəri, Azərbaycan-İran yaxınlaşması, birgə layihələr reallaşdırması Azərbaycanda birmənalı olaraq müsbət qarşılandı. Lakin bu fikri İrana aid etmək mümkün deyil".

Politoloq buna misal olaraq Ərdəbilin imamcüməsi S.H.Amilinin Azərbaycanın İranla əməkdaşlığı üçün iki şərt irəli sürməsini göstərib: "Bu şərtlərin birincisi, Azərbaycanın "sionist İsrail"lə əlaqələrinin kəsilməsi, ikincisi isə həbsdə olan dindarların azadlığa buraxılmasıdır. İranda və ya Azərbaycanda olmasından asılı olmayaraq, kiminsə müəyyən məsələləri Ərdəbilin imamcüməsi Amiliyə çatdırması çox vacibdir: Bu vaxtadək Azərbaycan indiki tərəfdarları ilə özünün inkişaf modelini tapmışdı, İranın da öz tərəfdaşları və özünəməxsus iqtisadi göstəriciləri var idi. İran-Azərbaycan əməkdaşlığının sonuncu üçün faydalılığını, düşərliliyini gələcək göstərəcək. Ona görə yaxşı olar ki, Amili öz əhalisində Azərbaycandan asılı olmayan iqtisadiyyata maraq yaratsın. Çünki o, Ərdəbil Ostanının təkcə rəhbəri deyil, həm də baş təbliğatçısıdır".

Mərkəzin direktoru hesab edir ki, ümumilikdə, İran mətbuatında üçüncü tərəf axtarışı yenidən aktuallaşıb: "İran-Azərbaycan münasibətlərində üçüncü tərəf axtarışı ilə məşğul olanlar İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına əngəl törədən qüvvələrdir. Bu qüvvələrin geri çəkilməsi İran üçün faydalıdır. Azərbaycan burada Heydər Əliyev konsepsiyasının hökm sürdüyü və müdrikliklə reallaşdırıldığı ölkədir. Azərbaycan müstəqil siyasət aparır. Bunu ABŞ-ın başa düşdüyü, Rusiyanın qəbul etməsi fonunda, İranın tezliklə dərk etməsi özü üçün faydalıdır. Dünyanın ən iri neft-qaz dövlətlərindən olan 70 milyonluq İran Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməyibsə, ondan qat-qat kiçik dövlətlər də Azərbaycanın siyasətinə təsir edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti