Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir S.Əhmədova/
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun iyunun 5-də Moskvada rusiyalı həmkarı ilə görüşündə ATƏT-in Parlament Assambleyasının cari ilin 28 iyun - 2 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü illik sessiyasında Azərbaycanın Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etdiyi barədə İTAR-TASS agentliyinin yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu barədə Trend Azərbaycanın Ukraynadakı Səfirliyinin rəsmi saytına istinadən məlumat verir.
Səfirliyin məlumatında deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin Sədri belə bir mövqe bildirməmişdir və bildirməz də: "Çünki, Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. Bu cari ilin mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunmuşdur".
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dost Ukrayna dövləti ilə münasibətlərə bir strateji tərəfdaş olaraq önəm verir və Ukraynanın seçilmiş Prezidenti cənab Pyotr Poroşenkonu ilk təbrik edənlər sırasında ona və dost Ukrayna xalqına xoş arzularını yetirmişdir: "7 iyun 2014-cü il tarixində cənab P.Poroşenkonun dövlət başçısı vəzifəsinə başlaması ilə əlaqədar andiçmə mərasiminə Milli Məclisin Sədri Oqtay Əsədovun göndərilməsi ölkəmizin dövlət başçısının Ukrayna xalqının seçiminə yüksək diqqətinin nümunəsidir".
Azərbaycanın Ukraynadakı Səfirliyi belə hesab edir ki, adıçəkilən agentliyin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlmişdir.