...

Rəsmi Bakı Minsk qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil

Siyasət Materials 9 İyul 2014 12:56 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil.
Rəsmi Bakı Minsk qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Xarici İşlər Nazirliyi Minsk qrupunda dəyişiklik edilməsinin tərəfdarı deyil. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərin sualına cavabında deyib.

A.Əzimov Minsk qrupunun dəyişdirilməsinin ümumiyyətlə, əleyhinə olduğunu açıqlayıb: "Minsk qrupu beynəlxalq cəmiyyətin ən önəmli oyunçularını özündə cəmləşdirib. İkincisi, Minsk qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə təsdiq olunub. Bu qətnamələr bizim mövqelərimizin əsasını təşkil edir. Mövqelərə selektiv əsasda, seçkili əsasda yaxınlaşmaq olmaz. Qətnamələr bütövlükdə öz əhəmiyyətini saxlamalıdır və bütövlükdə yerinə yetirilməlidir. Minsk qrupunun dəyişdirilməsi o qətnamələrə də zərər verəcək. Nəhayət, Minsk qrupunun formatı ermənilər iddia etdiyi Dağlıq Qarabağ ermənilərinin prosesdə iştirakı məsələsini aradan götürür. Çünki Minsk qrupunda məhz o formatda həm azərbaycanlılar, həm ermənilər Dağlıq Qarabağın icmaları olaraq prosedə dövlət səviyyəsində yox, maraqlı olan tərəf kimi iştirak etməyə qadirdirlər. Qərar qəbul etmə prosesində iştirak etmirlər, lakin öz mövqelərini eşitdirə bilirlər. Ona görə Minsk qrpunun formatı bizim üçün, elə hamı üçün, belə desək, ermənilər bunu indi qəbul etməsə belə, onların da maraqlarına və mövqelərinə uyğundur".

Azərbaycan və Ermənistan prezidentlərinin təklif olunan görüşünə münasibət bildirən A.Əzimov qeyd edib ki, Fransan Prezidenti tərəfindən belə bir təklif irəli sürülüb: "Lakin bildiyiniz kimi, Azərbaycan yenə də konkret siyasi konyekturadan asılı olmayaraq, müzakirələrə qoyulan mövzulardan asılı olaraq, daha doğrusu müzakirələrin substantiv şəkildə həyata keçirməyi nəzərdə tutan bir təşəbbüsə razılıq verə bilər".

Nazir müavininin sözlərinə görə, sadəcə protokol üçün belə bir görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti