...

Emil Hüseynli: Serj Sarkisyan hakimiyyəti baş verə biləcək inqilablardan sığortalanmaq üçün ictimaiyyətin diqqətini cəbhə xəttinə yönəltmək istəyir

Siyasət Materials 2 Avqust 2014 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Son günlər cəbhə xəttində yaranmış vəziyyət Ermənistan hakimiyyətinin öz təxribatçı siyasətindən əl çəkmədiyini bir daha sübut edir. Bunu Trend-ə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli Azərbaycan-Ermənistan cəbhə xəttində yaranmış vəziyyəti, gərginliyin və döyüşlərin intensivliyinin artmasını şərh edərkən deyib.

E.Hüseynli bildirib ki, əslində il ərzində cəbhə xəttində bu cür təxribatlar baş verir, ancaq bu dəfə təxribatların miqyası böyük oldu: "Görünür, Serj Sarkisyan hakimiyyəti sosial-iqtisadi böhran nəticəsində baş verə biləcək inqilablardan sığortalanmaq üçün ictimaiyyətin diqqətini cəbhə xəttinə yönəltmək istəyir. Digər tərəfdən, Azərbaycanın artan hərbi-siyasi qüdrəti Ermənistanı qıcıqlandırmaya bilməz. Bu cür təxribatlar Azərbaycan Ordusunun nəyə qadir olmasını yoxlamaq məqsədi də daşıya bilər".

QHT rəhbəri bildirib ki, lokal döyüşlər zamanı Ermənistan tərəfi daha böyük itkilər verib: "Ermənistan Müdafiə Nazirliyinin hələ də son hadisələrə rəsmi mövqe nümayiş etdirməməsi, itkilər barədə ictimaiyyəti düzgün məlumatlandırmamasının özü onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycan Milli Ordusunun itkilərindən böyük fərqlə çox olub".

E.Hüseynli bildirib ki, son hadisələr Azərbaycan Milli Ordusunun qüdrətini bir daha göstərdi və Ermənistan hakimiyyəti anladı ki, Azərbaycan istənilən an öz torpaqlarını işğaldan azad edə bilər.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti