...

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qarşısında nümayiş keçirilib

Siyasət Materials 8 Avqust 2014 01:46 (UTC +04:00)
Avqustun 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin binası qarşısında “Moskva Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş məlum hadisələr ilə bağlı dinc nümayiş keçirilib.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qarşısında nümayiş keçirilib

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Avqustun 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin binası qarşısında "Moskva Azərbaycan cəmiyyəti"nin təşəbbüsü ilə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş məlum hadisələr ilə bağlı dinc nümayiş keçirilib.

Azerbaycanın Rusiya Federasiyasindaki səfirliyindən Trend-ə verilən məlumata əsasən, 35-40 nəfərin iştirak etdiyi nümayişin keçirilməsində məqsəd cari ilin avqust ayının əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində baş vermiş və insan itkisi ilə nəticələnən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək olmaq və həmrəylik nümayiş etdirmək olub.

Nümayişdə "Moskva Azərbaycan cəmiyyəti"nin sədri Oqtay Hüseynov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə müavini Mircamal Rəhimli, sədrin müşaviri Kənan Qəribov, cəmiyyət sədrinin Qarabağ məsələləri üzrə köməkçisi Əliş Kərimov, cəmiyyətin Moskva şəhərinin şimal-qərb inzibati dairəsi üzrə şöbəsinin rəhbəri Məhəmməd Rəfiyev, cəmiyyətin fəalı Musa Musayev və "Lider" televiziya kanalının Rusiya üzrə müxbiri Anar Həsənov çıxış etmişdirlər.

Çıxışlarda son günlər cəbhə bölgəsində yaranmış gərgin vəziyyətin dözülməz olduğu qeyd olunmuşdur. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməyinin vacibliyi vurğulanmış və səfərbərlik elan ediləcəyi təqdirdə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələrindən azad etmək üçün tam hazır olduqları bildirilmişdir. Həmçinin çıxışlarda ehtiyac olacağı halda daha çox azərbaycanlının nümayişdə iştirak edə biləcəyinin mümkün olduğu vurğulanmışdır.

Daha sonra nümayiş iştirakçıları məzuniyyətdə olan səfir Polad Bülbül oğlu ilə razılaşdırılaraq səfirliyə dəvət edilmiş və burada çay süfrəsi təşkil olunmuşdur. Həlak olmuş Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfirliyin müşavir-elçisi Asəf Mehdiyev çıxış edərək Azərbaycan diaspor üzvlərinə səfirin salamlarını və Azərbaycan dövləti və Prezidentinə dəstək məqsədi ilə irəli sürülmüş təşəbbüslərinə görə minnətdarlığını çatdırmışdır. Müşavir-elçi bütün dünyada, o cümlədən Rusiyadakı Azərbaycan diasporunun artan gücünü qeyd etmiş, onun Azərbaycan Prezidenti və dövləti ətrafında sıx birləşdiyini vurğulamışdır. Həmçinin Asəf Mehdiyev Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll olunması istiqamətində gördüyü işlərdən söhbət açmışdır.

Tədbirin sonunda iştirakçılar səfirliyin nümayəndəsinə Moskva şəhərində yaşayan və səfərbərliyə hazır olan 500 nəfərdən artıq azərbaycanlı könüllünün siyahısını təqdim etmişdirlər.

Eyni zamanda Azərbaycan diasporunun nümayəndələri onların səfirlik tərəfindən qəbul olunduqlarına görə təşəkkürlərini bildirmişdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti