...

Mübariz Əhmədoğlu: Qovulmuş azərbaycanlıların Ermənistana qayıtması onun Avrasiya İqtisadi İttifaqına üzvlüyündə olan bütün problemləri aradan qaldırır

Siyasət Materials 3 Noyabr 2014 11:12 (UTC +04:00)
Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov maraqlı açıqlama ilə çıxış etdi. O, kommunikasiyanın Gürcüstan ərazisi vasitəsilə baş tutmasını mümkün hesab etsə də, tam təsdiqləyici münasibət bildirmədi.
Mübariz Əhmədoğlu: Qovulmuş azərbaycanlıların Ermənistana qayıtması onun Avrasiya İqtisadi İttifaqına üzvlüyündə olan bütün problemləri aradan qaldırır

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov maraqlı açıqlama ilə çıxış etdi. O, kommunikasiyanın Gürcüstan ərazisi vasitəsilə baş tutmasını mümkün hesab etsə də, tam təsdiqləyici münasibət bildirmədi. O, Avrasiya İqtisadi İttifaqına (Aİİ) Ermənistan arasında kommunikasiya məsələsinin RF, Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə noyabrda Tbilisidə müzakirə olunacağını bildirdi". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Türkiyənin və ya İranın Ermənistanla Aİİ arasında tranzit ərazisi olması sadəcə formallıqdır: "RF prizmasında Ermənistanla ən etibarlı kommunikasiya Azərbaycandan keçən kommunikasiyadır. Azərbaycan sabit siyasət aparır. Bu istiqamətdə Azərbaycanın kifayət qədər resursu var. Azərbaycan siyasətini müstəqil aparır. İmzaladığı müqavilələrə sadiqdir. Əgər RF ilə Azərbaycan arasında Ermənistana tranzit barədə müqavilə imzalanarsa, bu, şəksiz fəaliyyət göstərəcəkdir. Lakin belə müqavilənin imzalanması üçün Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsi lazımdır. Azərbaycan torpaqları işğal altında qaldıqca Rusiyanın Ermənistana verdiyi qazın bir qisminin Dağlıq Qarabağa nəql olunması da hüquqi problem yaradır. Ona görə Rusiya qətiyyətli addım atmaqla həm Azərbaycan ərazisi vasitəsilə Ermənistana etibarlı kommunikasiya əldə edir, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində hüquqi sənəd əldə edə bilir. Bunun əks üzü Rusiya üçün həm kommunikasiya, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində iki iri problem qazanmaq deməkdir. Gürcüstan Aİİ-lə Ermənistan arasında tranzit rolunu oynaya bilməz. Bu Gürcüstanın apardığı siyasətə ziddir. Gürcüstan çox qazanmaq istəyir. Öz ərazisində Rusiyadan Ermənistana keçən qazın tranzitinə müəyyənləşdirdiyi tarif dünyada ən yüksək tariflərdən biridir. Ermənistan yüklərinin keçməsi üçün aşağı tarif müəyyənləşdirəcəksə, bu Azərbaycanın reaksiyasına səbəb olacaq. Azərbaycan Gürcüstanla əlaqələrində müəyyən dəyişikliklər edə bilər. Digər tərəfdən Gürcüstan Aİİ-yə qarşı siyasi mübarizə aparması da daha çox ehtimal olunandır. Rusiya-Gürcüstan münasibətlərinin yaxın gələcəyini heç kim proqnozlaşdıra bilməz. A.Belyaninovun açıqlamasında daha iki maraqlı parametr var. Birincisi, o yenicə təyin etdiyi xüsusi nümayəndəsinin Ermənistanla Dağlıq Qarabağ arasındakı gömrük məntəqəsinə baş çəkəcəyini bildirdi. Bununla da Ermənistanla Dağlıq Qarabağ arasında Gömrük məntəqəsinin fəaliyyətə başlaması istiqamətində praktiki işlərin getdiyini təsdiq etdi".

Politoloq bildirib ki, Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryanın da açıqlamalarından Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin tikilidiyini başa düşmək olur. Diqqətçəkən digər məqam: "Ermənistanın-Azərbaycan, Ermənistan-Gürcüstan sərhədlərini də əhatə edən 193 ha ərazi Ermənistan hökumətinin yeni qərarı ilə RF sərhədçilərinə verildi. İkincisi, o Ermənistan gömrükçüləri ilə əsas müzakirə mövzusunun işlək dil mövzusu olduğunu bildirdi. RF gömrükçüləri Qazaxıstan və Belarusla Gömrük İttifaqı çərçivəsində əlaqələrini rus dilində qurublar. Ermənistan isə işçi dilin erməni dili olmasını tələb edir. Rəsmi Yerevanın rus dilinə qarşı belə mövqeyi rəsmi Moskvada Ermənistana qarşı yeni qıcıqlar yaradacaqdır. Ermənistanda monoetnikliyi rus dilinin ikinci dil kimi qəbul edilməsinə əsas maneə hesab edirlər.

Vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıları öz ərazilərinə qaytarmaqla Ermənistanı polietnik dövlətə çevirmək olar. Bununla da rus dilinin ikinci rəsmi dil olması üçün etnopsixoloji və hüquqi əsaslar yaratmaq olar. RF bu addımı atmaqla işin ən asan variantına nail ola bilər. 1987-ci ilin Quqark hadisələrindən başlayaraq 320 min azərbaycanlı o zamankı Ermənistan SSR-in ərazisindən deportasiya olunub. Vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların azsaylı olmayan hissəsi indi RF ərazisində yaşayır. Onların içərisində RF vətəndaşlığını qəbul edənlər də az deyil. Bu isə həmin azərbaycanlıların Ermənistana qaytarılması və təhlükəsizliyinin təmin olunması işini xeyli asanlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti