Azərbaycan, Bakı /Trend, müxbir Elçin Mehdiyev/
Qərb-Rusiya qarşıdurmasında liderlərin şəxsi ədavəti fonunda Rusiya daxilindəki "beşinci kolon" aktivləşdirilib. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Rusiya ilə Qərb arasında açıq geosiyasi çarpışma gedir: "Ad günündə Putinin Qərb liderlərindən təbrik almaması soyuq müharibə olduğunu deməyə əsas verir. Qərbin Rusiyaya qarşı mübarizəsində Rusiyanın daxilində yaratdığı beşinci qüvvə də fəallaşıb. İş hətta xüsusi xidmət orqanlarının aktivləşməsi səviyyəsinə çatıb. İtaliyanın Milan şəhərində tədbirdə iştirak edərkən V.Putinin keçmiş baş nazir Silvio Berluskoniyə baş çəkməsi onun köhnə dostlarına sadiq olduğunu yada saldı. Az keçmiş Putinin başqa bir dostu - Fransanın "Total" şirkətinin rəhbəri Marjeri Kristof Rusiyanın Vnukovo aeroportunda qəzaya uğradı və öldü. Maraqlıdır ki, qartəmizləyən maşının ola bilməyəcəyi ərazidə birdən-birə iki qartəmizləyən maşın peyda olmuşdu. Bununla da V. Putinlə iş görən iri Qərb şirkətlərinin sahiblərinin, eləcə də Putinlə dostluq edənlərin aqibətinin necə olacağını nümayiş etdirdilər. Ukrayna hadisələrindən başlayan geosiyasi mübarizənin növbəti mərhələsi qütbləşmə və ya polyarlaşmadır. Soyuq müharibə dövründə olduğu kimi iki qütbün biri Qərb, digəri isə Rusiyadır. Bu polyarlaşmanın dünyada yenidən ikiqütblülüyü bərpa edəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil".
M.Əhmədoğlunun sözlərinə görə, Ukraynada baş verənlərə Qərbin marağı azalıb. Politoloq hesab edir ki, hərbi baxımdan müəyyən aktivlik mövcuddur: "Bunu daha çox NATO-ya yeni baş katib təyinatı ilə əlaqələndirmək olar. Əvvəlki hərbi proseslərin ətaləti də öz rolunu oynayır. ABŞ və NATO Qara dənizdə və Aralıq dənizində aktivləşdikdən sonra Rusiya Sakit okean akvatoriyasında hücum xarakterli irimiqyaslı hərbi təlimlər keçirdi. Bununla da həm Amerika, həm də Avropa qitəsindəki dövlətlərin sakitliyini pozdu. Aralıq dənizində ABŞ və digər NATO ölkələrinin hərbi gəmilərinin toplaşmasına cavab olaraq RF hətta Şimal dənizi donanması hərbi gəmilərini bu regiona gətirdi. Beləliklə, Aralıq dənizi akvatoriyasında da sakitlikdir, qarşıdurmanın olacağını göstərən hansısa əlamət görünmür. Bu, siyasi münasibətlərin sabitləşməsinin ilkin əlamətləridir. Suriya prosesləri sabitləşmək ərəfəsindədir. İŞİD-in peyda olması Qərbin bütün kartlarını qarışdırdı. İndi Qərb Bəşər Əsədlə əməkdaşlığı İŞİD-lə əməkdaşlıqdan daha faydalı heab edir. Bəşər Əsəd rejiminə qarşı əvvəlki düşmən mövqedə qalan ancaq Türkiyədir. Rəsmi Ankaranın bu mövzudakı tez-tez təkrarladığı fikirlər Qərb dünyasında dəstək tapmır".
M.Əhmədoğlu əlavə edib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri özünü daha çox Səudiyyə Ərəbistanının neft qiymətinin dempinqi siyasətində özünü göstərir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ABŞ-dan 1.75 milyard dollarlıq avansı silah formasında alıb:
"O, axıradək neftin dempinqi siyasətini davam etdirəcək. Hal-hazırda Səudiyyə Ərəbistanının apardığı neft qiymətinin dempinqi siyasəti Qərb ekspertləri tərəfindən Qərbin antirusiya sanksiyalarından daha kəsərli görünür. Neftin dempinq siyasətinin vaxtilə SSRİ-ni dağıtmasındakı iştirakı indi ruhlandırıcı faktor kimi iştirak edir. İranın Rusiyaya qarşı yeni cəbhə açmasına Rusiyanın vaxtilə buraxdığı səhv şərait yaradır. İran dünya bazarına çıxardığı neftin miqdarını müntəzəm surətdə artırır. İranın antirusiya mövqeyi gözlənilən idi. Çünki İran Mərkəzi Asiya və Qafqazı özünün tarixi ərazisi hesab edir və İran ətrafında geosiyasi mübarizənin kəskinləşməsi onu bu iddiaları qaldırmağa daha da təhrik edir. RF uzun müddət İranı Qərbin caynağından xilas edib. İndi nisbətən güclənən İran daha güclənməsi üçün əlavə resurs kimi antirusiyaçılığı görür. İran antirusiyaçılıq istiqamətində xeyli irəliləyib. Bəzi MDB dövlətlərində kifayət qədər resursları var. İran Şimali Qafqazda "pay" a malikdir. İran Rusiyanın daxilində iş görmək qabiliyyətinə malik qruplar yaradıb. İran ermənilərlə birlikdə Rusiyanın təbliğatına təsir etmək imkanında olan PR-qruplar yarada bilib. Həmin PR-qruplar Rusiya xarici işlər nazirliyindən götürülmüş sənədlər əsasında Gizlərə (Terek çayınadək) qədər olan ərazinin tarixi İran ərazisi olduğunu aktuallaşdırıblar".
M.Əhmədoğlu vurğulayıb ki, Rusiyanı yaranmış vəziyyətdə aciz və imkansız hesab etmək yalnışlıqdır: "ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropa dövlətlərini faktiki parçalayıb. Açıq şəkildə Rusiyaya meyllənən dövlətlər var. Söhbət təkcə Şərqi Avropadan getmir. Ukraynaya münasibətdə Polşanın mövqeyi Rusiyanın mövqeyinə yaxınlaşır. Ali Radada UPA-nın dirçəldilməsi barədə qanun layihəsinin müzakirəsi Rusiya ilə Polşanı eyni dərəcədə narahat etdi. Vaxtilə mövcud olmuş Ukrayna millətçi təşkilatları həm Rusiya, həm də Polşa ərazisində eyni hərəkətləri edirlər. Polşa Seyminin başçısı, keçmiş xarici işlər naziri Radoslav Sikorski mətbuata bildirdi ki, guya Putin Polşa prezidenti ilə görüşdə Ukraynanın bölünməsini təklif edib. Ehtimal ki, R.Sikorski bununla Polşanın Ukraynaya ərazi iddiasını gündəliyə gətirdi. Şərqi Ukraynada-Novorossiyada döyüşənlər arasında Polşa, Çexiya və Avstriya vətəndaşlarının olmasına dair faktlar bəllidir".
Politoloq onu da əlavə edib ki, İranın neytrallaşması istiqamətində Rusiya gec də olsa addımlar atmağa başlayıb: "Rusiya xarici işlər naziri "altılığın" İranla keçirdiyi görüşlərdə daha çox danışıqları tormozlama mövqeyindədir. RF İranın qonşuları ilə münasibətlərini intensivləşdirir. RF-in vaxtilə Səudiyyə Ərəbistanı və Misirlə qurduğu əlaqələrdə də antiirançılıq var idi. ABŞ hər iki dövləti özünə tərəf çəkə bildi. RF indi BƏƏ və Bəhreynlə münasibətləri intensivləşdirməyə başlayır".