Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın "The Guardian" qəzetində dərc edilmiş məqaləsindəki qeyri-obyektiv xarakterli məqamlarla bağlı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadənin 6 noyabr tarixində "The Guardian" qəzetində cavab məqaləsi dərc edilib.
Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir Azərbaycanda son 23 il ərzində insan hüquqları və demokratikləşmə sahəsində mühüm irəliləyişlərin əldə edildiyini, milli qanunvericiliyin məhz Avropa Şurası və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla, beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulayıb. Səfir Azərbaycanda həbslərin siyasi motivlərlə əlaqələndirilməsi cəhdlərinə cavab olaraq qeyd edib ki, məhkəmə prosesinin yekunlaşmasına imkan verilməlidir və hüquq-mühafizə orqanlarının işinə hər hansı kənar müdaxilə yolverilməzdir.
T.Tağızadə vurğulayıb ki, qanunun aliliyinin bərqərar olduğu bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da qanunu pozan şəxslərin peşəkar fəaliyyətlərinin arxasına sığınmaları qəbul olunmur. O, əlavə edib ki, qanun yalnız universal şəkildə tətbiq olunduğu zaman qanun hesab olunur, əks təqdirdə, yalnız repressiya vasitəsinə çevrilir.
Səfir qeyd edib ki, Prezident İlham Əliyev baş katib T.Yaqlandın insan hüquqları üzrə birgə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı müraciətini qəbul ediv və bunun özü hökumətdə bu məsələlərin sağlam və konstruktiv həlli istiqamətində siyasi iradənin olduğunu əks etdirir. Səfir bu işçi qrupunun fəaliyyətinin davam etdtirilməsinə imkan verilməsinin zəruri olduğunu qeyd edərək, Azərbaycan hökumətinin ölkənin vətəndaş cəmiyyəti ilə birgə işləyərək bu məsələləri həll etmək əzmində olduğunu diqqətə çatdırıb.
T Tağızadə bütün bu addımların kənar müdaxilə və yaxud hansısa xarici təşkilatı məmnun etmək istəyindən deyil, Azərbaycan hakimiyyətinin bu ideallara sadiqliyindən irəli gəldiyini vurğulayıb.