...

“Azərbaycanın radikal, ekstremist qüvvələrə növbəti mesajı”

Siyasət Materials 27 Noyabr 2014 23:11 (UTC +04:00)
Dünyada baş verən qlobal proseslər din faktorunu daha da aktuallaşdırıb. Bu gün hətta hegemon dövlətlər radikal dini ekstremizmin qarşısını almağa milyonlarla dollar xərcləyir, liderlər dini zəmində baş verə biləcək qarşıdurmalardan çəkinirlər.
“Azərbaycanın radikal, ekstremist qüvvələrə növbəti mesajı”

Azərbaycan Redaksiyasının rəhbəri, baş redaktorun müavini

Emil Hüseynli - Trend:

Dünyada baş verən qlobal proseslər din faktorunu daha da aktuallaşdırıb. Bu gün hətta hegemon dövlətlər radikal dini ekstremizmin qarşısını almağa milyonlarla dollar xərcləyir, liderlər dini zəmində baş verə biləcək qarşıdurmalardan çəkinirlər. İş o yerə çatıb ki, Avropa ölkələri belə, vətəndaşlarını İŞİD-ə, eləcə də digər radikal dini cərəyanlara qoşulmaqdan qoruya bilmir və ölkə rəhbərləri bunu çıxışlarında etiraf edirlər. Demək, vəziyyət çox ciddiləşdiyi üçün dünya liderləri səviyyəsində dini müzakirələr prioritet mövzuya çevrilib.

Azərbaycanın son illər din mövzusuna xüsusi diqqət yetirməsi, bir növ "suyu üfürə-üfürə içməsi" dini mühitdəki radikal elementlərin cəmiyyətimizə təsirini xeyli azaltdı. Bu gün təəssüflər olsun ki, bunu pozmağa cəhd göstərən radikal təfəkkürlü insanlar, qruplaşmalar var. Ölkəmizdə bu qruplaşmaların hər hansı ciddi sosial bazası olmasa da, baş verə biləcək təhlükənin qabaqcadan proqnozlaşdırılması vacib amildir. İstər qanunvericiliyin sərtləşdirilməsi, istərsə də dini maarifləndirmə işlərinin gücləndirilməsinin, Azərbaycan Prezidenti İlham Əliyevin rasional siyasətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son aylardakı strateji planlarının radikal dini qrupların, ekstremist fikirlərin təbliğatçısı olan qeyri-ənənəvi dini cərəyan və təriqətlərin dini qurumlara və ibadət evlərinə mümkün təsirinin qarşısının alınmasında böyük təsiri oldu.

Prezident İlham Əliyevin Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncamı da sadaladığım siyasətin tərkib hissəsidir.

Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması yad ünsürlərin "dini ailəmiz"ə daxil olmasının qeyri-mümkün edəcək.

Bu baxımdan Azərbaycanın din sahəsində siyasəti tolerantlıq və ölkəmizdə məzhəblər və dinlər arasında qarşıdurmanın olmaması ənənələrini gücləndirir. Azərbaycanda həm ictimai-siyasi, həm dini, həm də maliyyə sabitliyinin mövcudluğu cəmiyyətimizdə stabilliyi pozmağa cəhd edən qrupların əl-qolunu bağlayır.

Bütün bunlar radikal, ekstremist qüvvələrə bir mesajdır - Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanlar həmişə dinc şəraitdə yaşayıblar, bundan sonra da belə olacaq. Bu istiqamətdə həm maarifləndirmə işləri aparılır, həm də qanunun sərt dili ilə danışılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti