...

Söz azadlığı, yoxsa sözdə azadlıq?

Siyasət Materials 4 Fevral 2015 22:00 (UTC +04:00)
Avropada "Charlie Hebdo" nəşrinin dərc etdiyi materiallar və Doğu Perinçekin işi ilə bağlı hökm köhnə qitədə söz azadlığının sərhədlərinin hələ də müəyyənləşmədiyini göstərir.
Söz azadlığı, yoxsa sözdə azadlıq?

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Avropada "Charlie Hebdo" nəşrinin dərc etdiyi materiallar və Doğu Perinçekin işi ilə bağlı hökm köhnə qitədə söz azadlığının sərhədlərinin hələ də müəyyənləşmədiyini göstərir. Son iki məsələni nəzərə alsaq, demokratiyanın əsas prinsiplərindən sayılan söz azadlığının ikili standartlara da məruz qaldığını söyləmək olar.

Karikatura hadisəsində İslam peyğəmbəri təhqir edildi. Buna cavab olaraq radikal islamçıların nəşrin redaksiyasına hücumü Fransa da daxil olmaqla dünyanın bir sıra liderləri tərəfindən söz azadlığına təhdid kimi qiymətləndirildi. İsveçrə məhkəməsi isə "erməni soyqırımı beynəlxalq yalandır" sözlərinə görə Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçeki irqi ayrı-seçkilikdə günahlandırdı. Hazırda məsələyə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən baxılır.

Necə olur ki, "Charlie Hebdo" müsəlmanların dini heysiyyatına toxunanda bu, söz azadlığı, qondarma "soyqırım"ın baş vermədiyini deyəndə isə irqi ayrı-seçkilik olur?

Birinci halda, demokratiyanın gətirdiyi azadlıqlar elə onun öz düşməninə çevrilib. Düzdür, burada sırf İslamın hədəf alındığını söyləyənlər də var, lakin unutmaq olmaz ki, Avropada xristian dəyərləri də təhqirə məruz qalır. İkinci halda isə bu azadlıqları çərçivəyə salmaq istəyən demokratiya qoruyucuları qərəzli mövqedən çıxış ediblər. Belə ki, Perinçikə qarşı cinayət işi açılmasında İsveçrə hökuməti deyil, "İsveçrə-Ermənistan Assosiasiyası" maraqlı olub. Erməni diasporunun məqsədinə qeyri-qanuni yollarla çatması isə hamıya məlumdur.

Məsələni ümumiləşdirsək, belə nəticə çıxarmaq olar: köhnə qitədə söz azadlığı sözdə azaddır. Avropa deyiləcək sözün işinə yarıyacağını düşünürsə onu azad edir, əks təqdirdə isə sözün ağızdan çıxmasına imkan vermir.

Avropanın belə qarmaqarışıqlığa düşməsinin səbəblərindən biri də onun səmimi davranmamasıdır. Qərb bəzi qüvvələrin sifarişi və maddi qazanca görə demokratiyanı qurban verir. Digər səbəb isə Avropanın söz azadlığını demokratiyanı zədələməyəcək şəkildə çərçivəyə salmağa çəkinməsidir və ya bunu edə bilməməsidir.

Söz azadlığının sərhədlərinin müəyyənləşdirilməməsi Avropada mənəvi tənəzzülə də gətirib çıxarıb. Bu problemlərin həll edilməməsi və ya buna ikili standartlarla yanaşılması Avropanın demokratiya dəyərlərini təşviq etməsinə əngəl törədir.

Bu da Avropanın demokratiya yolunda yeni addımlar atan ölkələr üçün nümunə olmasına imkan vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti