...

Politoloq: Ermənistanın müdafiə naziri Seyran Ohanyanda populizm professionalizmi üstələyib

Siyasət Materials 17 Fevral 2015 12:59 (UTC +04:00)
“Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmişə siyasətə meyilli olub, siyasi bəyanatlar verib. Siyasətə meyillilik bizim regionda erməni hərbçilərinin ən xarakterik keyfiyyətlərindən biridir. Dağlıq Qarabağın de-fakto "müdafiə naziri" M.Akopyan da müdafiə nazirindən daha çox siyasi partiya lideri kimi çıxış edir”.
Politoloq: Ermənistanın müdafiə naziri Seyran Ohanyanda populizm professionalizmi üstələyib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmişə siyasətə meyilli olub, siyasi bəyanatlar verib. Siyasətə meyillilik bizim regionda erməni hərbçilərinin ən xarakterik keyfiyyətlərindən biridir. Dağlıq Qarabağın de-fakto "müdafiə naziri" M.Akopyan da müdafiə nazirindən daha çox siyasi partiya lideri kimi çıxış edir". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, M.Akopyan siyasi partiya lideri rolundadırsa, Ermənistanın müdafiə naziri S. Ohanyan öz ordusuna siyasi partiya kimi baxır:

"Son vaxtlar Ermənistan ordusunda baş verən hallarda ən əsas məqam S.Ohanyanın davranışının dəyişməsidir. Erməni xalqı kriminala meyillidir. Kriminal avtoritetlərinin erməni xalqı içərisindəki nüfuzu həmişə digər kateqoriyadan olan tanınmış şəxslərin nüfuzunu üstələyib. Ermənistanın siyasi prosesləri indinin özündə də məhəllə kriminal avtoritetləri vasitəsilə idarə olunur. Şəhərlərdə hər hansı küçənin, rayonlarda isə hər hansı kəndin seçki zamanı necə səs verəcəyini yalnız kriminal avtoritetlər müəyyənləşdirir. Ermənistan rəhbərliyi özü idarəetməni belə strukturlaşdırıb. Kriminal mühitdə böyüyən erməni gənc orta məktəb skamyasından birbaşa hərbi xidmətə yollanır. Hər-halda ali məktəbə getsəydi, bəlkə də şüurunda müəyyən pozitiv dəyişiklik yaranardı. Ermənistan mentalitetinə və qanunvericiliyinə görə, hərbi xidmət təhsildən üstündür. Ona görə beyni formalaşmamış və küçə əxlaqının təsiri altında olan erməni gənci orduda da özünü bu qaydada aparır. Ermənistanın ictimai-siyasi xadimlərində isə mif yaratmaq, yalanı həqiqətdən üstün tutmaq fəxr sayılır".

Politoloq əlavə edib ki, erməni ictimai- siyasi xadimlərinin öz orduları haqqında yaratdığı obrazla real vəziyyət tamam fərqlidir: "Ermənistanın müdafiə naziri S.Ohanyan bir kursantın ölümünə görə Vazgen Sarkisyan adına hərbi məktəbin ən az 30 hərbi qulluqçusunu işdən azad etdi. İçərisində general rütbəli vəzifəli şəxslərin də olduğu vəzifədən azad olunanların böyük əksəriyyəti polkovnik və mayor rütbəli şəxslərdir. Bu vaxtadək də bir neçə dəfə erməni əsgərlər bir-birini öldürmüşdülər. Erməni zabitlər tabeçiliyində olanlara işgəncələr vermişdi. Bir kursant ölümü 30 hərbçini sıradan çıxardı. Bir əsgər ölümü bəzən 4-5 nəfərin işdən çıxarılması və ya həbs olunması ilə nəticələnir".

M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan işğalçı dövlətdir: "Buna görə də müharibə vəziyyətindədir. Həm də Ermənistanda başa düşürlər ki, yalnız yaxın zamanlarda baş verəcək müharibədə ermənilərin nəzəri cəhətdən azərbacanlıların qabağında güc nümayiş etdirmək imkanları var. S.Ohanyan bunu gizlətmir. Ona görə preventiv strategiyanı ortalığa qoydu və prezident S.Sarkisyana təsdiq etdirdi. Eyni zamanda, S.Ohanyan 2018-ci ilin prezident seçkilərinə də iddialıdır. Ermənistanda vəziyyət sabitləşsə, ekstremal hal baş verməsə, prezident seçkiləri 2018-ci ildə keçiriləcəkdir. Amma S.Ohanyan Ermənistanda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi ehtimalını da nəzərə alır. Bir az da ümumiləşdirsək, həm hərbi, həm də siyasi proseslər vaxt baxımından S.Ohanyanı sıxır. Ona görə S.Ohanyan bir tərəfdən populist addımlar atmalıdır: Erməni kursantının ölümündən ötrü 30 yüksəkçinli zabiti işdən çıxardı. Qarşıdakı prezident seçkilərində bu S.Ohanyan üçün hədsiz çox siyasi kapital gətirəcəkdir. Digər tərəfdən, onun belə addımı hərbi professionalizmə ziddir. 1 gün içərisində mayor və ya polkovnik olmaq mümkün deyil. S.Ohanyan başa düşür ki, onun belə davranışı sabah ön xətdə özünü göstərəcəkdir".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri A.Ovannisyanın yaydığı bəyanat Ermənistanın məğlubiyyətinin mesajıdır: "A.Ovannisyan sanki həyəcan təbili çalır. Eləcə də, S.Ohanyanın Dağlıq Qarabağa son gəlişi zamanı Dağlıq Qarabağın de-fakto "müdafiə naziri" M.Akopyan onunla görüşənlər və ya keçirilən müşavirədə iştirak edənlər arasında yox idi. Erməni xalqının faciəsi çox erməni liderini xoşbəxt edib. Qarabağ klanı hakimiyyətini uzatmaq niyyətindədir. Amma resurs tapa bilmir. Bu baxımdan ən real variant S.Ohanyanın hazırladığı variantdır- erməni xalqının növbəti faciəsi üzərində özünün şəxsi xoşbəxtiyini qurmaq. S.Ohanyan erməni xalqının sayını malik olduğu resursa uyğunlaşdırır. S.Ohanyanın bu variantı erməni xalqı üçün çox əclafcasına reallaşacaqdır. Çünki erməni xalqı qırılıb qurtarmaq üzrədir. S.Ohanyanın bu faciəsinə dözməyə erməni xalqının resursu yoxdur. Qərb, eləcə də RF erməni xalqına sahiblik etmək məsələsini müzakirə etsələr daha yaxşıdır. İndi müzakirə etməyəcəklərsə, bir azdan bu regionda erməni tapa bilməyəcəklər. S.SArkisyan-S.Ohanyan cütlüyü ermənilərin axırına çıxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti