...

Azərbaycan parlament nümayəndə heyəti Argentinaya səfər edib (FOTO)

Siyasət Materials 11 Mart 2015 12:50 (UTC +04:00)
Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov 9-10 mart tarixlərində Argentinada səfərdə olmuşlar.
Azərbaycan parlament nümayəndə heyəti Argentinaya səfər edib (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov 9-10 mart tarixlərində Argentinada səfərdə olmuşlar.

Qeyd etmək lazımdır ki, 2011-ci ildən Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının hər birində tərkibinə müxtəlif siyasi partiyaların üzvü olan senator və deputatların daxil olduğu Azərbaycanla parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, Azərabaycan parlament nümayəndə heyəti səfər vaxtı Argentina Respublikasının vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirmişlər.

Görüşlərdə Azərbaycan və Argentina parlamentləri arasında əməkdaşlıq, bu xüsusda hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti, parlamentlərarası əməkdaşlığın Azərbaycan-Argentina münasibətlərinin dərinləşdirilməsinə verə biləcəyi töhfələr müzakirə olunmuşdur. Tərəflər Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluğunu bildirmişlər. Tərəflər xüsusi olaraq qeyd etmişlər ki, beynəlxalq hüququn aliliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşılması beynəlxalq nizamın təmin olunması üçün önəmlidir. Görüşlərdə, habelə iki ölkə arasında iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq, eyni zamanda regional təhlükəsizlik mövzuları da müzakirə edilmişdir. Azərbaycanlı parlamentarlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, münaqişənin nizamlanmasının gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə məlumat vermişlər.

Argentina parlamentində keçirilmiş görüşlərin ardınca Argentina Milli Konqresi adından Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə də görüşmüşdür. Nazir H.Timerman Azərbaycanı Argentinanın yaxın dostu və tərəfdaşı adlandırmış, iki ölkə arasında son illərdə ikitərəfli münasibətlərin inkişafından, Azərbaycana iki dəfə etdiyi səfərlərdən, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlayışa söykənən Azərbaycan-Argentina əməkdaşlığından məmnunluğunu bildirmişdir. Tərəflər Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi üçün iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əməkdaşlığın təşviqi mövzuları ətrafında da fikir mübadiləsi aparılmışlar. Görüşdə, habelə regional mövzular, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin inkişaf strategiyası, regional əməkdaşlığı, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr kimi mövzular da diqqət mərkəzində olmuşdur.

Səfər çərçivəsində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) "Azərbaycan və onun inkişaf strategiyası", habelə Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə "Xəzər hövzəsinin geosiyasəti" mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa təşkil edilmişdir. Hər iki tədbirdə azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxışlar etmişlər. Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı sullarını cavablandırmışlar.

Səfər vaxtı Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı Səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan gecəsi" keçirilmişdir. Tədbirdə Argentinanın hökumətinin yüksək rəsmiləri, qanunvericilik orqanının üzvləri, siyasi analitiklər, elmi-akademik çevrələrin, yerli KİV-lərin nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Marmol Kolombres, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, La Plata Dövlət Universitetindəki Azərbaycanşünaslıq kafedrasının müdiri professor Norberto Konsani, Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain, azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev və Asim Mollazadə, Argentina Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri senator Xose Maria Roldan və Argentina Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri deputat Xulia Perie çıxış etmişlər. Çıxışların ardınca bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı xüsusi videoçarx nümayiş etdirilmişdir.

Azərbaycan parlamentarları səfər çərçivəsində TELAM Argentina Milli Xəbərlər Agentliyinə gəlmiş və agentliyin vitse-prezidenti Santiaqo Araqon və digər rəhbər şəxslər ilə görüşmüş, eyni zamanda TELAM-a müashibə vermişlər. Müsahibə ilə buradan tanış olmaq mümkündür http://www.telam.com.ar/multimedia/video/8151-delegacion-parlamentaria-de-azerbaiyan-visito-telam-en-el-inicio-de-su-gira-oficial-por-argentina/

Azərbaycan millət vəkillərinin Argentinaya səfəri yerli KİV-lərin geniş diqqət mərkəzində olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti