Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Milli Məclisdə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının dəvəti ilə Azərbaycanda səfərdə olan jurnalistlərlə görüşdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar Nizami Cəfərov, Cavanşir Feyziyev də iştirak edib.
Görüşü giriş sözü ilə açan B.Muradova deyib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir: "Ona görə də biz belə səfərlərin hər birini bugünkü qarışıq dünyada çox vacib aspekt hesab edirik. Çünki bu siyasi, dini, mədəni birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir".
Vitse-spiker qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri arasında çox ciddi dostluq əlaqələri var.
B.Muradova vurğulayıb ki, bu gün dünyada çox ağır bir durum var: "Bizi hər yandan təhlükələr təhdid edir. Eyni zamanda, bütün dünya ölkələrini və xalqlarını bu təhlükələr təhdid etməkdədir. Bu təhlükələrin qarşısını almaq üçün ölkələrin üzərinə çox ciddi vəzifələr düşür. Hesab edirəm ki, Türkiyə regionun güclü və tanınmış bir ölkəsi kimi, eləcə də Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bu hədəflərə doğru birgə irəliləməkdə medianın gücünü düzgün müəyyənləşdirəcək".
O, türkiyəli KİV nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib: "Dağlıq Qarabağ və qondarma "erməni soyqırımı" məsələləri ölkə içində olduğu kimi, beynəlxalq arenada da Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət proqramı müəyyənləşdirməsini tələb edir. Son illər bu istiqamətdə ciddi fəaliyyət gedir. Dağlıq Qarabağ problemindən əziyyət çəkən ölkə kimi Azərbaycan problem haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Türkiyənin dəstəyinə ciddi bel bağlayır".
B.Muradova qonaqların diqqətinə çatdırıb ki, ilk Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kanpaniyası gedir: "Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır".
Vitse-spiker Azərbaycanın turizm imkanlarından da danışıb. Bildirib ki, yaradılan turizm infrastrukturu ölkənin dünyada tanınmasına xidmət edən amillərdən biridir: "İlin istənilən fəslində Azərbaycanda idman və turizm sahəsində aktivlik müşahidə olunur. Məhz buna görə də ölkəmiz xarici turistlərin ən çox maraq göstərdiyi məkana çevrilib".
O, Türkiyədə son günlər baş hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb.
Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Yılmaz Qaraca isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb: "Ötən il Əskişəhərdə 350 media nümayəndəsinin iştirakı ilə "I Türk Dünyası Qəzetçilər Şurası" adlı konfrans keçirdik. Hər il fərqli türk dünyası şəhərində belə konfransı keçirmək niyyətindəyik. Bununla bağlı işlər gedir. Növbəti belə konfrans Qazaxıstanda keçiriləcək. Amma biz Azərbaycanda da belə konfransı keçirmək niyyətindəyik. Fürsətdən istifadə edərək, bu təklifimi sizə təqdim edirəm".
Görüşün sonunda B.Muradova türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, türkiyəli KİV nümayəndələrinin Azərbaycana səfəri aprelin 5-dək davam edəcək. Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.