Azərbaycan, Bakı, 29 aprel /Trend/
"Azərbaycana qarşı səlib yürüşünün yeni dalğası başlayıb. Bu cür addımlar birinci dəfə deyil. Azərbaycan müstəqillik qazanandan bəri, xüsusilə də, Heydər Əliyevin hakimiyyətə qayıdıb dövləti gücləndirmək yönündə işlərə başlamasından sonra vaxtaşırı ölkəmizi zəiflətmək, təzyiqlər altında saxlamaq naminə hücumlar olur". Bunu Trend-ə millət vəkili, politoloq Aydın Mirzəzadə antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
A.Mirzəzadə deyib ki, Azərbaycan müxtəlif zamanlarda etmədiyi işlərə görə ittiham olunur, az qala ölkəmizi izolyasiyaya salmaq cəhdləri göstərilir: "Burada bir səbəb var. Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi müəyyən dairələri ciddi narahat edir. Müəyyən güclər Azərbaycanı özünün forpostuna çevirməyə çalışır. Bəzi iri şirkətlərin Azərbaycanda arzuladıqları çoxmilyardlıq gəlirləri əldən çıxdığına görə ölkəmizdən qisas almağa çalışırlar. Ölkədə neftdən gələn gəlirlərin iqtisadi və sosial problemlərin həll edilməsinə, güclü dövlət yaradılmasına yönəldilməsi onları razı salmır. Bu gün Azərbaycanın Liviya və Suriya ilə eyni vəziyyətdə olması onlara daha çox sərf edərdi. Bu, bir sıra dairələrə ona görə lazımdır ki, Azərbaycanı öz təsirləri altında saxlasınlar və davamlı şəkildə öz istəklərini həyata keçirsinlər, istənilən vaxt müdaxilə imkanına malik olsunlar. Lakin bu onlarda alınmır".
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt heç kimin forpostu olmayıb, heç bir xarici gücün siyasi sifarişlərini icra etməyib: "Buna görə də, gah rəngli inqilablar, gah "Azərbaycan baharı" reallaşdırmaq, gah da Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün cəhdlər göstərilir. Con Kerri ilə bağlı açıqlanan plan isə yeni mərhələdir. Amma onlar yaxşı başa düşürlər ki, bu plan heç vaxt həyata keçməyəcək. Birincisi, Azərbaycanda ciddi sosial problemlər yoxdur. İkincisi isə, o dariələrin Azərbaycanda güclü sosial bazası yoxdur. Buna görə, ölkədə "beşinci kolon" yaratmaq uğrunda mübarizə aparırlar. Planın adı öz mahiyyətini göstərir: "Azərbaycanı öz yerinə oturtmaq lazımdır". Məqsəd Azərbaycanı 1993-cü il iyunun 15-dən əvvəlki vəziyyətə qaytarmaq, ölkəni problemlərlə boğmaqdır. Plan iki illikdir. Lakin irəlidə ABŞ-da prezident seçkiləri və hakimiyyət dəyişikliyi baş verəcək. Sadəcə müəyyən şəxslər bu kampaniyadan siyasi dividentlər götürməyə çalışırlar. Həm də "demokratiya naminə" ayrılan pulları asanlıqla silə biləcəklər. Nəticə olaraq bu plan uğursuzluğa məhkumdur".
Aydın Mirzəzadə: ABŞ-ın bəzi dairələrinin Azərbaycanla bağlı planı heç vaxt həyata keçməyəcək
Azərbaycana qarşı səlib yürüşünün yeni dalğası başlayıb. Bu cür addımlar birinci dəfə deyil.