...

Politoloq: Vorotan SES-in ABŞ-a satılması müharibə üçün ən böyük çağırışlardan biridir

Siyasət Materials 17 İyun 2015 12:26 (UTC +04:00)
"Ermənistan hökuməti Vorotan SES-i ABŞ-a satdı. Bu alqı-satqıda Ermənistanın irəli sürdüyü iqtisadi şərtlər reallaşmadı. Vorotan SES-i alan ABŞ-ın “Contour Global” şirkəti iqtisadi baxımdan öz şərtlərini tamamilə qəbul etdirə bildi".
Politoloq: Vorotan SES-in ABŞ-a satılması müharibə üçün ən böyük çağırışlardan biridir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Ermənistan hökuməti Vorotan SES-i ABŞ-a satdı. Bu alqı-satqıda Ermənistanın irəli sürdüyü iqtisadi şərtlər reallaşmadı. Vorotan SES-i alan ABŞ-ın "Contour Global" şirkəti iqtisadi baxımdan öz şərtlərini tamamilə qəbul etdirə bildi".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu faktor Vorotan SES-in alqı-satqısı ilə bağlı ABŞ-la Ermənistan arasında imzalanmış müqavilənin siyasi sövdələşmə olduğunu aşkar şəkildə göstərir: "Amma əlavə kifayət qədər də ciddi arqumentlər mövcuddur:

I. Ermənistan əvvəlcə Vorotan SES-i ABŞ şirkətinə 180 milyon dollara satmaq istəyirdi. Eks-baş nazir T.Sərkisyanın dövründə bu şərtlərlə müqavilə hazırlandı. Sonradan Vorotan SES-in ABŞ-a satılmasının əlavə risk yaradacağını nəzərə alaraq əlavə olaraq ABŞ-ın 70 milyon dollarlıq investisiya qoymasını da şərtlər paketinə əlavə etdilər.

II. Prezident S.Sərkisyan mayın 8-də ABŞ-da erməni icmasının təmsilçilərilə görüşərkən ABŞ-ın yaxınlarda Ermənistana 250 milyon dollar investisiya qoyacağını bildirdi. O, bununla həm Vorotan SES-in ABŞ-a satılması ilə bağlı müqavilənin imzalanacağı anonsunu verdi, həm də müqavilənin məbləğini açıqladı.

III. Müqavilənin imzalanma günü bir neçə dəfə elan olunsa da, dəyişdirildi. Son anda müqavilə geniş ictimaiyyətdən yarımgizli şəkildə imzalandı.

IV. İmzalanmış alqı-satqı müqaviləsinin qiyməti 180 milyon dollardır və Ermənistan 2010-cu ildə Almaniyanın KfW fondundan götürdüyü 51 milyon avro krediti də ABŞ-ın "Contour Global" şirkətinin sərəncamına keçirdi. Beləliklə, Ermənistan ABŞ-dan digər sahələrə 70 milyon dollar investisiya qoymağı tələb etdiyi halda, ABŞ əvəzsiz olaraq Alman fondundan alınmış 51 milyon avroluq kredit tranşını da ələ keçirməklə müqavilənin dəyərini 110 milyon dollara endirdi".

M.Əhmədoğlu qeyd edib ki, ABŞ-ın "Contour Global" şirkəti Vorotan SES-i ermənilərin arzuladığı kimi 250 milyon dollara, özünün əvvəlcədən vəd verdiyi kimi 180 milyon dollara deyil, təxminən 110 milyon dollara satın aldı: "Bunların siyasi səbəbi var. Əks-təqdirdə hətta dövlət borcuna qulluqda problem yaranmış Ermənistan birdən-birə 250 milyonluq müqavilənin dəyərinin 110 milyon dollara düşməsinə razılıq verməzdi. Vorotan SES-lə bağlı ABŞ-la Ermənistan arasında imzalanmış müqaviləni siyasi müəmma adlandırmaq daha düzgündür. S.Sərkisyanın ABŞ-ı israrlı şəkildə Ermənistana daxil etməsinin əlamətləri göz qabağındadır. Ola bilər, S.Sərkisyan Avroatlantik məkana Ermənistanın meylli olmasının təkcə ritorika olmadığını nümayiş etdirir və bunu praktiki addımla sübut edir. S.Sərkisyanın ABŞ-ı israrlı şəkildə Ermənistana daxil etməsi Ermənistanın həm daxilində, həm də ətrafında siyasi konfiqurasiyanı ciddi sürətdə dəyişdirə bilər. Ermənistanın daxili ictimai mühiti hələ ki, ABŞ-a meyllidir. Hakim elita isə ABŞ-a dəqiq meyllənə bilmir. Hakim elita "komplimentar" siyasətin tərəfdarıdır. ABŞ-a isə hakim elitanın konkret mövqeyi lazımdır. Ona görə ABŞ Ermənistanın daxilində hakim elitanın yenidən formalaşması prosesi ilə məşğul olacaq. Amma daha dinamik proseslər Ermənistanın geosiyasəti ətrafında baş verəcək. Vorotan SES-in ABŞ tərəfdən alınması ilk növbədə Rusiyaya qarşı yönəlib. Rusiyaya təzyiq etmək üçün ABŞ Ermənistanın daxilində alət yarada bildi. Vorotan SES-in ABŞ-a satılması ilə bağlı müqavilənin imzalanması ərəfəsində Ermənistanda elektrik enerjisinin qiymətinin artırması mövzusu aktuallaşdırıldı. Qiymət artımı ABŞ-ın tələbidir. Rəsmi Yerevan isə bu qiymət artımının Rusiyanın tələbi ilə edildiyi görüntüsünü yaradır. Əhali Rusiyadan narazı düşür. Belə motivasiyaya görə Rusiyada ən iri erməni milyarderi S.Karapetyan "Ermənistan elektrik şəbəkəsi" şirkətini almaqdan imtina etdi".

Mərkəz rəhbəri bildirib ki, Ermənistandan Rusiyanın qovulması naminə ABŞ, hətta İranla da əməkdaşlığa gedəcək: "Amma Vorotan SES-in ABŞ tərəfdən istismarının əsas məqsədi İrana da qarşı yönələcək. Radio-elektron casus qurğuları yerləşdirməklə İranın ərazisinin böyük bir qismini ABŞ izləyə biləcək. İrandan son vaxtlar Ermənistana gələn nümayəndə heyətlərinin sayının artması, İranın Ermənistana münasibətində yeni dinamizm məhz bu vəziyyəti öyrənmək üçündür. Amma ən böyük geosiyasi faktor Vorotan SES-in yerləşdiyi coğrafiyadır. Vorotan SES tarixi Azərbaycan ərazisi olan Zəngəzurda yerləşir və tarixi adı Uruddur. 1923-cü ildə SSRİ yaranan kimi Stalin Naxçıvanı qalan Azərbaycandan ayırmaq üçün Zəngəzuru Ermənistana bağışladı. Bununla da Naxçıvanı çıxmaq şərtilə Türkiyə ilə qalan Azərbaycan arasında birbaşa coğrafi əlaqə itdi. RF və İran ABŞ-ı Ermənistandan qovmaq və Ermənistanın bir də belə səhvlər etməməsi üçün unikal şansdan istifadə edə bilərlər. RF və İranın neytral qalması və ya ilə gizli dəstəyilə Azərbaycanın Dağlıq Qarabağda başladığı müharibə Zəngəzura keçə bilər. Zəngəzur tarixi sahibi olan Azərbaycana qaytarılır və bununla da ABŞ-la Ermənistan arasında imzalanmış Vorotan SES-in alqı-satqısına dair müqavilə reallaşa bilmir. Bənzər misal yaxın illərdə baş verdi. Ermənistan rəhbərliyi Amulsar qızıl yatağını Böyük Britaniya şahzadəsinə satmaqla geosiyasi parametrləri öz xeyrinə dəyişmək istəyirdi. Amulsar qızıl yatağı da tarixi Azərbaycan torpağında yerləşir. Nəticədə, Rusiya Azərbaycana silah satışına yeni dinamizm verdi, İran Ermənistanla münasibətlərini minimallaşdırdı. Hər iki tərəf qərar qəbul edərkən həm də Amulsar qızıl yatağının Böyük Britaniyaya satılması faktorunu nəzərə almışdı. Eləcə də yada salaq ki, Zəngəzur ərazisi uranla zəngin ərazidir. ABŞ-ın o regionda başladığı iş Rusiyanın uran yataqları ilə bağlı Ermənistanla imzaladığı müqavilənin reallaşmasına neqativ təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti