...

Bako – Britaniya tarixinə düşən turist və ya məntiqin “error”u

Siyasət Materials 9 İyul 2015 10:01 (UTC +04:00)

Bəxtiyar Hacıyev - Trend:

Avropa qurumlarının məntiqini tutmaq müşkül məsələdir. Onlar ya çox primitivdirlər, ya da normal insan beyninin həzm edə biləcəyi məntiqdən çox irəli gediblər.

Məsələ burasındadır ki, Böyük Britaniyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu dünyada respublika üsul-idarəsi anlayışının mahiyyətinə tüpürüb yeni növ respublika quruluşu yaradan qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezident"i Bako Saakyanı tədbirinə dəvət edib, üstəlik, ona möhtərəm tribunada çıxış etmək bəxtəvərliyi nəsib edib.

Təbii ki, Bako hövlnak "veş-meşok"unu yığışdıraraq həvəslə Krallığa yola düşüb. Bəs Britaniyaya necə daxil olub? Dəvətlə - məlum. Amma hansı sənədlə? "Dağlıq Qarabağ respublikası"nın "pasport"u ilə? İnandırıcı deyil. Çünki Britaniya Xarici İşlər Nazirliyi bəyan etdi ki, Krallıq "Dağlıq Qarabağ respublikası" adlı elmə məlum olmayan hökumət-zad tanımır. Deməli, Bakonun cibində Ermənistan paspotu olub. Yaxşı, hər hansı bir "ölkə"nin "dövlət başçısı" başqa bir ölkənin pasportundan niyə istifadə etsin ki?

Britaniya hökuməti onu da vurğuladı ki, Bakonun səfəri şəxsi xarakter daşıyır, belə səfərə qadağa qoya bilməz. Bundan başqa, "Chatham House" müstəqil qeyri-hökumət təşkilatıdır və Böyük Britaniyada qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin, demokratiyanın təməl prinsiplərindən olan söz, fikir, sərbəst toplaşma azadlığının təmin edilməsi, şəffaflıq Krallığın prioritet... Nə isə...

Digər "məntiqi məsələ". Britaniya XİN Azərbaycan səfirliyinin bununla bağlı məktubuna cavabında qeyd edib ki, Saakyana hər hansı britaniyalı rəsmilərlə görüş imkanı verilməyəcək. Yəni Bako, ən azından, mötəbər institutun tədbirində çıxış edən turist kimi tarixə düşəcək (!?). Deməli, Britaniya hökuməti QHT-lərinə hətta ölkənin siyasi mövqeyinə xələl gətirə biləcək qədər fəaliyyət göstərmək azadlığı verib. Lakin qərbin, ələlxüsus da Britaniyanın "obyektiv siyasəti"nə qarşı çıxan, bir-iki cızma-qara edən istənilən şəxs Krallığın səfirliyindən viza almağı yatıb yuxusunda görər... "Demokratiyanın təntənəsi".

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadədən sitat: "Bako Saakyanın çıxışı olduqca ağır təəssürat yaratdı. O, erməni dilində tərcümə ilə çıxış etdi ki, bu da çox uzun və cansıxıcı idi. Təşkilatçılar bu çıxışla bağlı narazılığı hər hansı yolla yüngülləşdirməyə çalışırdılar və buna görə də onun çıxışını turizmin, iqtisadiyyatın vəziyyəti və s. məsələlərlə bağlı sual-cavablarla məhdudlaşdırmağa cəhd edirdilər. Azərbaycan səfirliyinin və İngilis-Azərbaycan Cəmiyyətinin nümayəndələri sual və şərhlər verməyə nail oldular. Sual və şərhlər belə tədbirin keçirilməsinin və separatçı rejimin liderinin çıxışının yolverilməzliyi ilə bağlı olub. Səfirliyin və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının köməyi ilə institutun binası qarşısında aksiya da keçirildi. Aksiya Saakyanın səfərinə qarşı etiraz əlaməti olaraq videomateriallar, bannerlər, şüarlarla müşayiət olundu".

Bəs "Chatham House"da keçirilən müzakirələrin əsas mövzusu nə idi? "Dağlıq Qarabağ: Daxili inkişaf və regional problemlər"... Və yəqin ki, Bako unikal "respublika"nın "daxili inkişafı"ndan, "çiçəklənən ölkə"də turizmin inkişafından, o cümlədən Xankəndinə özünü, sənətini pula satan dünya səviyyəli manısların axınından danışdı. Başqa nə danışa bilərdi ki? Bir də yəqin ki, "məzlum", "yetim" ermənilərin "fədakarlığı"ndan...

Müzakirənin mövzusu və Bakonun dəvət olunması onu deməyə əsas verir ki, "Chatham House" din qardaşlarının təəssübünü çəkir, onlara görə çox narahatdır və ya Kral İnstitutu normal insan məntiqindən çox irəli gedib... Və bu cür fövqəladə məntiqin inkişafına yalnız Bako kimilər töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti