...

Fransanın məşhur jurnalında Aİ-Azərbaycan münasibətlərinə dair məqalə dərc olunub

Siyasət Materials 21 İyul 2015 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində Fransanın həftəlik L'OBS jurnalında Azərbaycanın Avropa İttifaqı (Aİ) üçün strateji önəmindən bəhs edən "Yunanıstan böhranından sonra: Yeni Qonşuluq siyasəti" sərlövhəli məqalə (http://leplus.nouvelobs.com/contribution/1397829-.html) dərc olunub.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müəllif Aİ-nin qonşu dövlətlər ilə bağlı siyasətinə toxunaraq qeyd edir ki, cari ilin may ayında baş tutan Şərq Tərəfdaşlığı Sammiti bu sırada xüsusi önəm daşıyır. Məqalədə qeyd edilir ki, Avropaya inteqrasiya seçimi Gürcüstan və Ukraynaya çox baha başa gəlib: Gürcüstan faktiki Cənubi Osetiya və Abxaziyanı itirib, Ukraynada isə qanlı müharibə gedir, Krım Rusiya tərəfindən zəbt olunub, Donbassın gələcəyi isə bilinmir. Şərq Tərəfdaşlığının digər iki ölkəsi Belarus və Ermənistan Avrasiya İqtisadi Birliyin üzvüdür. Belarusun bu seçimini daha çox təbii qazı ucuz qiymətə almaq istəməsi ilə izah etmək olar. Ermənistana gəlincə isə İrəvan uzun müddət sürən danışıqlardan sonra Aİ ilə Assosiasiya Sazişini imzalamaqdan imtina edib.

Azərbaycan Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında nə Avropa İttifaqı, nə də Avrasiya İqtisadi Birliyi ilə müqavilə imzalayan yeganə dövlətdir. Azərbaycan enerji təchizatının diversifikasiyası və Rusiyadan asılılığın azaldılması kontekstində Aİ üçün mühüm rola sahib olan dövlətdir. Artıq Xəzər dənizindən Türkiyə vasitəsilə təbii qaz resurslarını Avropaya çatdıracaq qaz boru kəmərinin tikintisinə başlanılıb. Lakin Aİ və Azərbaycan arasında əməkdaşlıq daha çox vizaların verilməsi və avia uçuşların təşkili kimi texniki məsələləri əhatə edir: "Avropa İttifaqı yetərli iradə nümayiş etdirməsə rəsmi Bakı üzünü Rusiyaya tərəf tutacaq və beləliklə Avropa Azərbaycanı itirəcək. Halbuki bu kiçik ölkənin yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini nəzərə alsaq, Aİ Azərbaycanla davamlı əməkdaşlığın qurulmasında maraqlı olmalıdır. İlk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan isə öz növbəsində, tərəfdaşlarından şimalda Dağıstandan və cənubda İŞİD-dən dünyəviliyə qarşı yönəlmiş təhlükənin qarşısının alınması üçün aydın strategiyanın ortaya qoyulmasını gözləyir".

Məqalənin sonunda müəllif belə bir qənaətə gəlir ki, dünyada mövcud qeyri-stabil vəziyyət Avropa Qonşuluq Siyasətinə yenidən baxılması zərurətini yaradır və burada Azərbaycan yaxın gələcəkdə mühüm rol oynaya bilər.

Qeyd edək ki, L'OBS jurnalı Fransada işıq üzü görən illik tirajı 500.000-dən artıq olan həftəlik dərgidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti