...

Mübariz Əhmədoğlu: Ermənistanda yalan prezident və xarici işlər nazirinin monopoliyasındadır

Siyasət Materials 14 Avqust 2015 10:26 (UTC +04:00)
Ermənistanın Baş Naziri Ovik Abramyan hökumətin son iclasında üç nazirə -Diaspor Naziri Qranuş Akopyan, Səhiyyə Naziri Armen Muradyan və Gənclər Naziri Qabriel Kazaryana ciddi xəbərdarlıq etdi.
Mübariz Əhmədoğlu: Ermənistanda yalan prezident və  xarici işlər nazirinin monopoliyasındadır

Azərbaycan, Bakı, 14 avqust /Trend/

"Ermənistanın Baş Naziri Ovik Abramyan hökumətin son iclasında üç nazirə -Diaspor Naziri Qranuş Akopyan, Səhiyyə Naziri Armen Muradyan və Gənclər Naziri Qabriel Kazaryana ciddi xəbərdarlıq etdi. Ermənistan nazirləri xarici ölkələrdə olarkən Ermənistanın diplomatik nümayəndələrinin təmsilçiləri ilə səfirlər və konsullarla görüşür. Sonra bu görüş barədə mətbuatda və ya digər yerlərdə açıqlamalar verirlər".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, verilən açıqlamalar Ermənistan Xarici İşlər Nazirliyinin diplomatlara göndərdiyi sirkulyardakı informasiyalara uyğun deyil:

"Eləcə də erməni diplomatlarının səfir olduğu ölkələrin Ermənistanla bağlı fikirləri Ermənistan XİN-in ölkə daxilində yaydığı məlumatlardan kəskin fərqlənir. Dünya dövlətlərinin əksəriyyəti Ermənistan barədə neqativ fikirdədir. Bunun qarşısını almaq üçün Ermənistanın xarici işlər naziri Baş nazirə müraciət edib və Baş nazir fevralın 20-də müvafiq sərəncam imzalayıb. Ermənistan XİN dünyanın Ermənistan barədə fikirlərinin üstünün açılmasından qorxur. Belə alınır ki, Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın dövlət və hökumətinin fəaliyyəti ilə bağlı Ermənistanın qalan nazirlərindən fərqli siyasət aparır, fərqli məlumat yayır. İndi Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşları başqa nazirlərlə təmasda olarkən bu məlumatların yalan olduğu aşkarlanır və nəhayət Ermənistan Xarici İşlər Nazirliyi diplomatların içərisində nüfuzdan düşür".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanda ən çox diqqət verilən məsələ yalandır. O bildirib ki, Ermənistan hökumətinin yalanları ilə yalnız müəyyən qrup adamlar məşğul ola bilərlər:

"Edvard Nalbandyanın və Serj Sərkisyanın əvvəldən yalana meylli olduğu və son dövrlərdə də yalana xüsusi diqqət verdiklərini nəzərə alsaq bəlli olur ki, Ermənistan dövləti yalanı prezidentin və xarici işlər nazirinin monopoliyasında saxlamaq istəyir. Diqqət çəkən məqamlardan biri də İran-Ermənistan dəmir yolu ilə bağlı oldu. Rusiya Dəmir Yolları İdarəsinin rəisi V. Yakunin İran-Ermənistan dəmir yolunun rentabelli olmadığını bildirdi. Bu, Ermənistan hakimiyyətinin daxilində dərhal rezonans yaratdı. Böyük əksəriyyəti bu məlumatı doğru kimi qəbul etdilər. Amma sonradan Serj Sərkisyan göstəriş verdi ki, İran-Ermənistan dəmir yolu barədə həqiqətin yayılması Ermənistanın Dağlıq Qarabağ siyasətinə ziddir. Ona görə maraqlı bir oyun apardılar. Yakunini öz fikrinə yenidən baxmağa vadar elədilər".

M.Əhmədoğlu vurğulayıb ki, yakunin təbii ki, öz fikrinə yenidən baxdı: "O, İran-Ermənistan dəmir yolunun tikiləcəyi təqdirdə böyük geosiyasi əhəmiyyətinin olduğunu bildirdi. Amma bunun tikilməsində hər şeyin Ermənistan dövlətindən asılı olduğunu bildirdi. Ermənistan istəyirsə, tiksin. Başqa sözlə, Rusiya İran-Ermənistan dəmir yolunun tikintisinə dəstək verməyəcək və bunu yenə də qeyri rentabelli hesab edir. İran-Ermənistan dəmir yolu yalanı ilə bağlı Ermənistan hökumətində panika o həddədir ki, indi heç bir rəsmi dövlət adamının İran-Ermənistan dəmir yolu barədə həqiqəti deməyə haqqı yoxdur. Hamı yalnız İran-Ermənistan dəmir yolunu reallıq kimi təqdim eləməlidir, onu təbliğ etməlidir. İran- Ermənistan dəmir yolunun qeyri-rentabelli olmasından danışanlara qarşı kəskin hücuma keçməlidirlər".

Politoloq əlavə edib ki, Serj Sərkisyan hökumətində yalanın vacib dövlət resursu elan olunması gözlənilən idi:

"Çünki, Serj Sərkisyan qan üstündə hakimiyyətə gəlmiş adamdır. Sonradan bu qanı ört-basdır etmək üçün təbii ki, böyük yalanlara getməli idi. Qərb strukturları Ermənistan prezidentinin yalanlarının geniş yayılmasında vacib rol oynadılar. Onun hesabınadır ki, Ermənistan prezidenti Dağlıq Qarabağ məsələsində də dünən həqiqəti danışdığı adamların yanında da belə bu gün tamam yalan danışır. ATƏT- in Minsk qrupunun həmsədrlərinin adından bəyan edir ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağda yaşayan ermənilər müəyyənləşdirəcək. Amma heç bir sənəddə bircə kəlmə də olsun belə fikir yoxdur.

Yalan dövlət atributu və resursu olduğu üçün Serj Sərkisyan prezident titulunu onun yayılmasına istifadə edir. Yalanın üstü açılan kimi Serj Sərkisyan hakimiyyətin tamamilə iflasa uğrayacağı göz qabağındadır. Amma bu S. Sərkisyan üçün ciddi elə də dəyişiklik yaratmayacaq. Çünki, Serj Sərkisyan belə hissləri dərk etməkdən xeyli uzaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti