Bakı. Aygün Bədəlova - Trend:
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, Azərbaycan xüsusilə enerji təhlükəsizliyi baxımından NATO üçün strateji əhəmiyyət kəsb edir.
C.Appaturay bildirib ki, Azərbaycan rəhbərliyi ilə görüşüb və ölkənin tərəflər arasında tərəfdaşlığa verdiyi töhfəyə görə təşəkkür edib.
O, tərəflərin Əfqanıstanda əməkdaşlığını xüsusi vurğulayıb: "Azərbaycanın Əfqanıstanla xüsusi münasibətləri var. NATO vasitəsilə biz əfqan təhlükəsizlik qüvvələrinin təlimi işinə birgə kömək edə bildik. Azərbaycan bizə logistika və yerüstü nəqliyyatı təklif edib".
C.Appaturay qeyd edib ki, NATO da öz növbəsində Azərbaycanın təhlükəsizliyinə xidmət edir: "Biz ölkəyə hərbi islahatlarda konsultasiyalar və texniki dəstək vermək üçün ardıcıl işləmişik, eləcə də ölkənin hərbi qüvvələrinə daha səmərəli olmaqda kömək edirik".
O əlavə edib ki, bu gün keçirilən görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın önəmi, "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında tərəqqi qeyd edilib.