...

Nəcməddin Sadıkov: NATO-nun Cənubi Qafqaz üzrə mövqeyi regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir (FOTO)

Siyasət Materials 16 Fevral 2016 18:00 (UTC +04:00)
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb.
Nəcməddin Sadıkov: NATO-nun Cənubi Qafqaz üzrə mövqeyi regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Baş Qərargah rəisi xüsusilə qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqe Avratlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirir, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir: "Biz Zirvə toplantılarında Alyansın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha göstərdiyi siyasi dəstəyi yüksək qiymətləndiririk".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik N.Sadıkov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəinki regionda, eləcə də bütün dünyada sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.

Azərbaycanla Alyans arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyən Baş Qərargah rəisi NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri də məmnunluqla xatırlayıb.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay uğurlu əməkdaşlığa, xüsusilə sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla NATO arasında mövcud proqramlar daxilində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda cari ilin yanvarında Əfqanıstanda xidmətlərini bitirən Azərbaycan sülhməramlılarının bir qrupu ilə görüş keçirilib və xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti