...

Əli Həsənov: Azərbaycanın qaçqın və məcburi köçkünlər üçün yaratdığı şərait bütün dünyaya nümunədir

Siyasət Materials 13 İyun 2016 19:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 13-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və Azərbaycan üzrə ofisinin rəhbəri xanım Larisa Leşçenkonu qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtından başlayaraq Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı indiyə kimi 4 kredit sazişi imzalanıb, həmin sazişlərdə müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi kimi komponentlər nəzərdə tutulub. Artıq növbəti layihədə isə daha yeni komponentlər olacaq.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını, həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb: "Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Bu gün dünyada Azərbaycanı qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr son illər yeni mərhələyə qədəm qoyub, həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirilib, bütün bunlar isə istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir və dünyanın maliyyə institutları içərisində ən şəffafı məhz elə Dünya Bankıdır".

Diqqətə çatdırılıb ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilib və bu işlər hazırda davam etdirilir. Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən "Məcburi köçkünlərin həyat şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Baş nazirin müavini həmçinin bildirib: "Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə olan beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb. Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünləri üçün yaratdığı şərait bütün dünya üçün nümunədir. Ümumilikdə 550 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 800 min qaçqın gəlib. Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən necə gəlir?! Bu gün baxın görün Avropada insan hüquqları ilə bağlı nələr baş verir. Cənab Prezident həmişə öz çıxışlarında bildirib ki, Azərbaycan dövlətinin bu sahədə çox böyük təcrübəsi var və Avropa ölkələri də bu təcrübədən istifadə edə bilərlər".

Görüşdə qonağın diqqətinə çatdırılmışdır ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdikləri qətnamələrə məhəl qoymur, ərazilərimizi işğal altında saxlamaqda davam edir, bununla yanaşı, Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulur, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım M.Tembon Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur.

Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri L.Leşçenko ölkəmizdə fəaliyyət müddətinin başa çatdığını bildirib, Dünya Bankı ilə Azərbaycan hökumətinin əməkdaşlıq etdiyi müddətdə əldə olunan ən yaxşı təcrübələrin dünyanın bir sıra ölkələrində təbliğ edəcəklərini qeyd edib. O, həmçinin gələcəkdə həyata keçiriləcək layihələrdə gənclər arasında informasiya texnologiyaları sahəsində təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Baş nazirin müavini Ə.Həsənov L.Leşçenkoya ölkəmizdə uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb və onun irəli sürdüyü təklifin gələcək layihələrdə mütləq nəzərə alınacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti