Bakı. Trend:
İranın xarici siyasətində prioritet qonşu ölkələrlə çoxtərəfli münasibətlərin inkişaf etdirilməsidir. Trend-in məlumatına görə, bu barədə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putun və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirilən üçtərəfli zirvə toplantısında İran Prezidenti deyib.
H.Ruhani deyib: "Ona görə İran qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün bütün ideyaları alqışlayır".
İran Prezidenti Prezident İlham Əliyevə bu zirvə görüşünün təşkilli üçün minnətdarlığını bildirib.
Onun sözlərinə görə, İranın xarici siyasəti başqa ölkələrə münasibətdə ümumi maraqlar, qarşılıqlı fayda əldə etməni nəzərdə tutur: "Bu çərçivədə, region ölkələri ilə əməkdaşlığı çox faydalı, lazımi və qarşıya qoyulan vəzifələri həll etməyə qadir olan hesab edirik".
H.Ruhani bildirib ki, üç xalqın tarixi maraqları və mədəni yaxınlığı münasibətlərin inkişafı üçün yeni şərait yaradır.
İran Prezidenti həmçinin qeyd edib ki, iqtisadiyyat və təbii sərvətlər sahəsində üçtərəfli əməkdaşlıq üçün imkanlar var.
Onun sözlərinə görə, terrorizm və ekstremizm, həmçinin xarici reqion dövlətlərin ölkənin işinə müdaxiləsi və iqtisadi sanksiyaların siyasi maraqlar üçün istifadə edilməsi yeni iqtisadi problemlər və çagrışlar yaradır - narkotik, separatizm, mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlıq.