...

Prezident İlham Əliyev: Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın

Siyasət Materials 17 Sentyabr 2016 23:02 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın
Prezident İlham Əliyev: Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın

Bakı. Trend:

Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bu fikri Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabadda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlətimizin başçısı bildirib:

"İndi Azərbaycanda sənayeləşmə prosesi gedir. Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq. Halbuki bu, o qədər də asan məsələ deyil. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır. Biz yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start verəcəyik. Daşkəsən filiz yataqlarının istismarı və qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində yüz milyonlarla dollar ixrac potensialımız yaradılacaq. İndi biz Sumqayıtda Kimya Sənaye Parkını yaradırıq və 2018-ci ildə polimer zavodu fəaliyyətə başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Biz özümüzü gübrə ilə 2018-ci ildən sonra tam təmin edəcəyik və bu, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Çünki daha idxaldan asılı olmayacağıq və məhsul ixrac edəcəyik. Ona görə, pambıqçılıq bu sıradan olan məhsuldur. Biz çalışmalıyıq ki, daha çox məhsul yetişdirək, xarici bazarlara sataq, həm mahlıc, həm də hazır məhsul formasında. Mən bir qədər sonra bu barədə də fikirlərimi bildirəcəyəm.

Pambıqçılığın inkişafı, ümumiyyətlə, bizdə sənayenin inkişafına çox müsbət təsir göstərəcək. Yaxın gələcəkdə Mingəçevir şəhərində yeni sənaye komplekslərinin təməlini qoyacağıq. Mingəçevir sənaye şəhəridir və Mingəçevirin inkişafı ilə bağlı bizim konkret planlarımız var. Hesab edirəm ki, Mingəçevir Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməlidir. Necə ki bu gün Bakı, Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük sənaye şəhərləridir. Gəncə şəhərində sənayeləşmə prosesi sürətlə gedir. Hesab edirəm ki, Mingəçevirdə yüngül sənayenin inkişafı prioritet olaraq qalmalıdır. Yaxın illərdə Mingəçevirdə bir neçə zavod və fabrikin yaradılması nəzərdə tutulur. Oraya qoyulacaq sərmayənin həcmi yüz milyon dollardan çox olmalıdır. İnşaat zamanı minlərlə insan işləyəcək. Zavodların fəaliyyətini təmin etmək üçün birinci mərhələdə 2 min, sonrakı mərhələdə isə 7 min iş yeri yaradılacaq. Orada pambıq-iplik, yun-iplik fabrikləri, digər fabriklər yaradılacaq. O fabriklərin əsas xammal bazası pambıqçılıq olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti