Bakı. Trend:
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bu ölkənin dövlət xəbər agentliyi olan Bolqarıstan Teleqraf Agentliyinə müsahibə verib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir 18 oktyabr – Milli Müstəqillik Gününün Azərbaycan xalqı üçün əlamətdar gün olduğunu bildirərək, 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə ölkəmizin tarixində yeni səhifənin açıldığını söyləyib. Diplomat sözügedən Konstitusiya Aktının Azərbaycan Respublikasını 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan Demokratik Respublikasının varis elan etməklə suveren demokratik dövlətçiliyimizi bərpa etdiyini əlavə edib. O, müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi uğurlu inkişaf yolundan bəhs edib.
Müstəqilliyin ilk illərində ölkəmiz bir çox daxili və xarici təhdidlərlə üzləşdiyini vurğulayan səfir 1992-1993-cü illərdə ölkədə daxili siyasi mübarizənin və iqtisadi böhranın hökm sürdüyünü qeyd edib. Ermənistanın hərbi təcavüzü, ölkə ərazisinin 20 %-nin işğalı və bir milyondan çox Azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə vəziyyətin kəskinləşdiyini söyləyib. O deyib ki, həmin dövrdə Azərbaycan adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəriciyə malik olub. Azərbaycan xalqının çağırışı ilə ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayında hakimiyyətə qayıdışını tariximizdə dönüş nöqtəsi olduğunu vurğulayan səfir Azərbaycanın üzləşdiyi təhdidlərin aradan qaldırılmasında Heydər Əliyevin həlledici rol oynadığını əlavə edib.
Diplomat ümummilli lider tərəfindən irəli sürülən islahatların Azərbaycanın siyasi və iqtisadi transformasiyasına şərait yaratdığından danışıb. Səfir 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbul olunduğu, ölkədə həyata keçirilən geniş iqtisadi islahatlar (ticarətin liberallaşdırılması, özəlləşmə, torpaq islahatları və s.) barədə məlumat verib.
Heydər Əliyev tərəfindən irəli sürülmüş neft strategiyası əsasında ölkənin iqtisadi siyasətinin formalaşdığını söyləyən N.Qurbanova 20 sentyabr 1994-cü il tarixində beynəlxalq şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanmasının Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq bazara çıxarılmasında ümdə rol oynadığını qeyd edib.
N.Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirdiyini bildirib. Heydər Əliyevin prezidentliyinin millətin birləşdirilməsi, İlham Əliyevin isə prezidentliyi dövrünün dövlətin modernizasiyası kimi xarakterizə olunduğunu qeyd edib. Bakının mühüm regional və qlobal məsələləri müzakirə etmək üçün aparıcı beynəlxalq platformalardan biri olduğunu bildirən səfir ölkəmizin çoxsaylı mədəni və idman yarışlarına (Avroviziya mahni müsabiqəsi, Birinci Avropa Oyunları, Formula I, Ümumdünya Şahmat, Olimpiadası və s.) ev sahibliyi etdiyini əlavə edib. Səfir davam edib ki, son 13 il ərzində ölkəmizdə yoxsulluğun səviyyəsi 49%-dən 5%-dək azalıb, ölkə iqtisadiyyatına 100 milyard ABŞ dollarından artıq vəsait yatırılıb, ölkəmiz Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik hesabatının sıralamasında MDB məkanında birinci, dünyada isə 37-ci yerdə qərarlaşıb.
2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olduğunu vurğulayan səfir Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri kimi trans-regional enerji infrastruktur layihələrinin həyata keçirildiyini və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inşasına başlanıldığını qeyd edib. O, Azərbaycan hökumətinin milli iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun təşviqinə və regionların inkişafının dəstəkləməsinə başladığını bildirib, kənd təsərrüfatı, turizm, nəqliyyat və İT sahələrinin perspektivli sahələr olduğunu əlavə edib.
Son illər Azərbaycanın fəal xarici siyasət yürütdüyünü qeyd edən səfir BMT, AŞ, ATƏT, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini, ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlığın təbliğində fəal iştirak etdiyini söyləyib, 2011-ci ildə Azərbaycanın 2012-2013-cü illər BMT TŞ-nın qeyri-daimi üzvü seçildiyini əlavə edib.
Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmasına diqqət çəkən səfir iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, davam edib ki, 2017-ci ildə Bolqarıstanla diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd ediləcəkdir.