...

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

Siyasət Materials 6 Dekabr 2016 19:14 (UTC +04:00)
Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

Bakı. Trend:

Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb.

Həmin sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Fərmana əsasən, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə aşağıdakı strateji yol xəritələri təsdiq edilir:

- “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”;
- “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”.

Müəyyən edilir ki, bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Prezidenti Administrasiyası həyata keçirir.

Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Azərbaycan Prezidenti Administrasiyasına fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görmək; fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutmaq, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti